
Gündəm / Siyasət / Təhsil
5.10.2026, 16:29
Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

Müəllim peşəsi cəmiyyətin inkişafında, gələcək nəsillərin milli-mənəvi dəyərlərə, Vətənə sədaqət ruhunda və müasir çağırışlara cavab verən yüksəkixtisaslı kadrlar kimi yetişdirilməsində müstəsna əhəmiyyət daşıyır. Bu gün əldə etdiyimiz hər bir uğurun, qazandığımız hər bir nailiyyətin arxasında müəllimin fədakar əməyi, nurlu zəkası və böyük pedaqoji missiyası dayanır.
Millixeber.az xəbər verir ki, Bəbu fikir Qarabağ Universitetinin rektoru Şahin Bayramovun 5 Oktyabr – Beynəlxalq Müəllimələr Günü ilə bağlı AZƏRTAC-a təqdim etdiyi yazıda yer alıb. Yazını təqdim edirik.
Müəllim yalnız bilik öyrədən deyil, həm də şəxsiyyət formalaşdırır, gənclərə doğru yol göstərir və onların gələcəyə inamını möhkəmləndirir. Məhz bu baxımdan ölkəmizdə müəllim adının daim uca tutulması, dövlət səviyyəsində müəllim əməyinə verilən yüksək dəyər Azərbaycanın gələcəyinə göstərilən diqqətin ən mühüm ifadələrindən biridir. Ümummilli Lider Heydər Əliyevin “Mən yer üzündə müəllim adından yüksək ad tanımıram” fikri illərdir Azərbaycan müəllimi üçün dəyişməz mənəvi dəyər və fəaliyyət prinsipi olaraq qalır. Ulu Öndərin müəyyən etdiyi bu strateji xətt hazırda Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə uğurla davam etdirilir. Bu gün ölkəmizdə təhsilin inkişafına, müəllimlərin sosial rifahının yaxşılaşdırılmasına, onların peşəkar inkişafının dəstəklənməsinə, ölkəmizdə müasir təhsil infrastrukturunun yaradılmasına yüksək diqqət və qayğı göstərilir.
Müəllim əməyinə verilən yüksək dəyər və təhsilin inkişafına göstərilən dövlət qayğısı bu peşənin cəmiyyət qarşısında daşıdığı məsuliyyəti daha da artırır. Ölkəmizin bütün sahələrdə davamlı inkişafının və gələcək tərəqqisinin təmin olunmasında müəllimlərin üzərinə böyük vəzifələr düşür. Bu məsuliyyət tarixi Zəfərimizdən sonra Qarabağda və Şərqi Zəngəzurda xüsusi əhəmiyyət kəsb edir. Belə ki, təhsil ənənələrinin yenidən canlandırılması, təhsil müəssisələrinin fəaliyyətinin bərpa olunması və doğma torpaqlarımızda yeni nəslin yetişdirilməsi Böyük Qayıdış prosesinin mühüm istiqamətlərindəndir. Bu quruculuq və dirçəliş yolunda müəllimlərimizin fədakar əməyi və yorulmaz fəaliyyəti ölkəmizin gələcəyinə verilən ən dəyərli töhfələrdəndir.
Uzun illər həsrətində olduğumuz doğma Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq həm də böyük qürurdur. Bu torpaqlarda müəllimlik missiyası, həmçinin Qarabağın yeni intellektual mühitinin formalaşmasına, Böyük Qayıdışın davamlılığının təmin edilməsinə və regionun gələcək inkişafına töhfə verməyi özündə ehtiva edir.
Xankəndi şəhərində fəaliyyətə başlayan Qarabağ Universiteti də məhz bu tarixi missiyanın əsas daşıyıcılarından biridir. Universitetimizin qarşısında duran başlıca vəzifələrdən biri Qarabağın və bütövlükdə Azərbaycanın gələcək inkişafına töhfə verəcək yüksəkixtisaslı, müasir dünyagörüşlü, innovativ düşüncəli və milli dəyərlərə bağlı gənclər yetişdirməkdir. Bu məqsədə çatmağın əsas şərti isə güclü akademik heyət və yüksək peşəkarlığa malik müəllim potensialıdır.
Qarabağ Universitetinin fəaliyyət fəlsəfəsinin mərkəzində tələbə və müəllim dayanır. Çünki müasir universitetin uğurunu yalnız müasir infrastrukturu, laboratoriyaları və texnoloji imkanları deyil, ilk növbədə, tələbə ilə müəllim arasında qurulan sağlam akademik münasibətin keyfiyyəti müəyyən edir. Tələbənin potensialını üzə çıxaran, onu elmi axtarışa, tənqidi və yaradıcı düşüncəyə sövq edən, ən əsası məsuliyyət, təşəbbüskarlıq və vətəndaşlıq mövqeyini formalaşdıran məhz müəllimdir. Bu baxımdan Qarabağ Universitetində müəllim yalnız tədris prosesinin iştirakçısı deyil, universitetin akademik mühitinin əsas dayaqlarından biridir. Universitetimizin hər bir müəllimi həm də doğma yurdlarımızın dirçəlişi prosesinin iştirakçısıdır. Onların auditoriyada keçdiyi hər bir dərs, apardığı hər bir tədqiqat, tələbəsi ilə qurduğu hər bir akademik ünsiyyət Qarabağın intellektual gələcəyinə qoyulan sərmayədir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













