
Gündəm / Siyasət / Təhsil / İdman
5.10.2026, 17:41
ÜRƏKLƏRİ BİR, HƏDƏFLƏRİ ZİRVƏ OLAN İKİ QARDAŞ ÖLKƏ

Azərbaycan və Türkiyə münasibətləri sadəcə iki qonşu dövlətin diplomatik əməkdaşlığı deyil; bu, əsrlərin sınağından çıxmış, eyni kökdən budaqlanan, eyni ruhu və mədəniyyəti daşıyan iki qardaş xalqın mənəvi bütövlüyüdür. Bu bütövlüyün təməlində ortaq tarix, dil, din və milli dəyərlər dayanır.
İki ölkə arasındakı qardaşlığın ilk qanlı və şanlı imtahanı 1918-ci ildə yaşandı. Həmin il Nuru Paşanın komandanlığı ilə Anadoludan gələn Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin qurtuluşuna gəlib çıxdı və Bakını bolşevik-daşnak işğalından azad etdi. Azərbaycanlıların və türk əsgərlərinin Şəhidlər Xiyabanında əbədi uyuyan qanları bu qardaşlığın heç zaman silinməyəcək əbədi möhürünə çevrildi.
XX əsrin əvvəllərində hər iki xalq ağır tarixi burulğanlardan keçərkən dahi şəxsiyyətlər – Mustafa Kamal Atatürk və Nəriman Nərimanov səhnəyə çıxdılar. Onlar Azərbaycan-Türkiyə dostluğunun təməl daşını möhkəm prinsiplər üzərində qurdular.
O dövrdə Türkiyənin İstiqlal Savaşı apardığı ağır şəraitdə Nəriman Nərimanovun rəhbərlik etdiyi Azərbaycan xalqı qardaş Türkiyəyə böyük maliyyə və mənəvi yardım göstərdi, anbarlardakı qızıl və sərvətlər tərəddüdsüz şəkildə Anadoluya göndərildi. Mustafa Kamal Atatürkün uzaqgörənliklə söylədiyi "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və "Azərbaycan türkləri bizim qardaşlarımızdır" kəlamları bu strateji və mənəvi birliyin əbədi manifesti oldu.
SSRİ-nin tərkibində olduğu 70 il ərzində hər iki ölkə arasında rəsmi və birbaşa əlaqələr ciddi siyasi məhdudiyyətlərlə üzləşdi. Lakin "dəmir pərdə"lər xalqların ürəyindəki sevgini söndürə bilmədi. Mədəniyyət, ədəbiyyat və musiqi sahəsində yaradılan gizli və ya açıq körpülər mənəvi bağların qırılmasına imkan vermədi.
Xüsusilə, ümummilli lider Heydər Əliyev sovet hakimiyyəti illərində də Azərbaycan-Türkiyə əlaqələrinə xüsusi önəm verərək, iki ölkə arasındakı mədəni və iqtisadi yaxınlığın qorunub saxlanılması üçün mühüm addımlar atmışdı.
1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndə onu dünyada ilk tanıyan dövlət Türkiyə Respublikası oldu. Bu tarixi addım yeni dövrün başlanğıcı idi.
Ümummilli lider Heydər Əliyevin dilindən səslənən "Bir millət, iki dövlət" dahi ifadəsi hər iki ölkənin dövlət siyasətinin əsas devizinə və strateji xəttinə çevrildi. Məhz bu dövrdə regionun taleyini dəyişən qlobal enerji layihələrinin – Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin və Bakı-Tbilisi-Erzurum qaz kəmərinin təməli qoyuldu.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluğu, siyasi iradəsi sayəsində münasibətlər bəşəriyyətin zirvə nöqtəsinə çatmışdır. Bakı-Tbilisi-Qars dəmir yolu kimi strateji nəqliyyat layihələri reallaşmış, Avrasiyanın nəqliyyat xaritəsi yenidən yazılmışdır.
Münasibətlərimizin tarixində yeni bir erasın başlanğıcı isə 15 iyun 2021-ci il tarixində imzalanan Şuşa Bəyannaməsi oldu. Qədim Şuşa şəhərində imzalanan bu sənəd iki ölkə arasındakı əlaqələri rəsmi olaraq müttəfiqlik səviyyəsinə qaldırdı, birgə təhlükəsizlik və hərbi əməkdaşlıq mexanizmlərini möhkəmləndirdi.
2020-ci ildə baş verən 44 günlük Vətən Müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının imtahanı və qələbə təntənəsi oldu. Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk dəqiqəsindən etibarən səsləndirdiyi "Türkiyə bütün imkanları ilə Azərbaycanın yanındadır" bəyanatı işğala son qoyan siyasi iradənin təməl daşı idi.
Bütün beynəlxalq təzyiqlərə baxmayaraq, Türkiyə Azərbaycana qarşı diplomatik və mənəvi qalxan oldu. Müharibədən dərhal sonra azad edilmiş torpaqlara – Füzuliyə, Şuşaya, Zəngilana səfərlər, Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlar göstərdi ki, Türkiyə-Azərbaycan tandemi bölgədə sülhün, sabitliyin və tərəqqinin əsas qarantıdır.
Lakin bu güclü ittifaq regional və qlobal miqyasda bəzi qüvvələri narahat etməkdədir. Türkiyə-Azərbaycan birliyinin güclənməsini həzm edə bilməyən xarici güc mərkəzləri, erməni lobbisi və onların havadarları daim müxtəlif təxribatlara əl atırlar.
İki xalq arasında süni intriqalar yaratmaq, "turançılıq" ideyasına kölgə salmaq məqsədilə yayılan saxta xəbərlər (fake news) və manipulyasiyalar sosial şəbəkələrdə dövriyyəyə buraxılır.
Xüsusilə Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışan kənar dairələr iki ölkənin iqtisadi və nəqliyyat planlarını hədəfə alırlar.
Bu cür təhdidlərə qarşı ən effektiv cavab hər iki dövlətin media strukturlarının, gənclər siyasətinin və təhlükəsizlik qurumlarının birgə, sinxron və qətiyyətli mübarizəsidir.
Bu gün Azərbaycan-Türkiyə birliyi sadəcə iki ölkənin sərhədləri ilə məhdudlaşmır; Türk Dövlətləri Təşkilatı çərçivəsində genişlənən inteqrasiya prosesi bütövlükdə Türk dünyasının qlobal güc mərkəzinə çevrilməsini təmin edir.
Tarix sübut etdi ki, ürəkləri bir, hədəfləri hər zaman ən yüksək zirvələr olan bu qardaşlıq əbədidir və heç bir qüvvə bizi bu yoldan döndərə bilməz!
Dilqəm Quliyev,
pedaqogika üzrə elmlər doktoru,
professor
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












