Gündəm / Siyasət / İqtisadiyyat / Bölgə
Deputat: Zəngilan Aqroparkı kənd təsərrüfatı məhsullarının emalı və ixrac imkanlarını genişləndirəcək

Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işləri intensiv şəkildə davam etdirilir. Bu proses həmin ərazilərdə iqtisadiyyatın formalaşması və ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində də özünü göstərir. İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın dəstəklənməsi hər bir rayonun xüsusiyyətləri nəzərə alınmaqla, fərdi yanaşma əsasında həyata keçirilir. Çünki əsas məqsəd hər bir rayonun potensialına və özünəməxsus xüsusiyyətlərinə uyğun iqtisadi modelin formalaşdırılmasıdır.
Millixeber.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında deputat Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, Zəngilanda yaradılacaq aqropark rayonun kənd təsərrüfatının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Aqropark Zəngilanda yetişdirilən və istehsal olunan məhsulların yalnız xammal şəklində deyil, həm də emal edilmiş məhsul kimi ölkə və dünya bazarlarına çıxarılmasına imkan yaradacaq.
Onun sözlərinə görə, aqroparkda istehsal olunacaq məhsulların xarici bazarlara ixracı da gözlənilir. Çünki hazırda Qarabağ regionunda istehsal olunan məhsulların bir qismi artıq dünya bazarlarına çıxarılır. Ağdam Sənaye Parkında istehsal edilən məhsulların da müəyyən hissəsi ixrac olunur.
V.Bayramov vurğulayıb ki, yeni aqroparkın yaradılması Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının artmasına təkan verəcək: “Bu, bir tərəfdən yeni istehsal imkanlarının yaradılması, idxaldan asılılığın azaldılması və yerli məhsulların istehlak bazarında payının artırılması baxımından əhəmiyyətlidir. Digər tərəfdən, emal olunmuş məhsulların bir qisminin ixracı da əsas prioritetlərdəndir. Dövlət proqramına əsasən, Azərbaycanda kənd təsərrüfatı məhsullarının ixracının 4 dəfə artırılaraq 1,5 milyard dollardan 6 milyard dollara çatdırılması nəzərdə tutulur. Bu baxımdan, yeni aqroparklar Azərbaycanın kənd təsərrüfatı məhsullarının istehsalının genişlənməsinə, eləcə də qeyri-neft ixracının artmasına təkan verəcək”.