Gündəm / Siyasət / Sosial / Ölkə

Elşad Daşdəmirov: Zəfər Günü milli iradənin, siyasi uzaqgörənliyin və qəhrəmanlığın təntənəsidir

05.11.2026 17:05 13
Elşad Daşdəmirov: Zəfər Günü milli iradənin, siyasi uzaqgörənliyin və qəhrəmanlığın təntənəsidir


"Dəmir iradədən tarixi Zəfərə: milli birliyin, güclü dövlətçiliyin və qalib Azərbaycanın təntənəsi”

Azərbaycanın 30 illik torpaq həsrətinə son qoyan 44 günlük Vətən müharibəsi xalqımızın çoxəsrlik qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindən biridir. Bu möhtəşəm Zəfər yalnız hərbi qələbə deyil, həm də milli birliyin, sarsılmaz iradənin, siyasi uzaqgörənliyin və güclü dövlətçilik təfəkkürünün təntənəsi idi.



Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin illər ərzində həyata keçirdiyi məqsədyönlü siyasət, iqtisadi qüdrətin artırılması, müasir ordu quruculuğu və beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi tarixi Qələbənin əsas sütunlarını təşkil etdi. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik yolunun uğurla davam etdirilməsi nəticəsində Azərbaycan güclü iqtisadiyyata, müasir hərbi potensiala və müstəqil siyasi iradəyə malik dövlətə çevrildi.
Vətən müharibəsi günlərində Ali Baş Komandanın qətiyyətli rəhbərliyi, diplomatik məharəti və beynəlxalq media qarşısında səsləndirdiyi tutarlı faktlar Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Hərbi əməliyyatlarla yanaşı, informasiya cəbhəsində də aparılan mübarizə milli maraqlarımızın müdafiəsində mühüm rol oynadı. Şuşanın azad edilməsi isə hərb tariximizə qəhrəmanlıq, məharət və yenilməz ruhun rəmzi kimi həkk olundu.
Bu Zəfərin arxasında Azərbaycan əsgərinin Vətən sevgisi, şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı və xalqımızın sarsılmaz birliyi dayanır. Qarabağın hər qarışında dalğalanan üçrəngli bayrağımız şəhidlərimizin ruhuna ehtiramın, milli qürurumuzun və dövlət müstəqilliyimizin əbədi rəmzidir.
2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə, 2023-cü ilin antiterror tədbirləri ilə ölkəmizin suverenliyinin tam bərpası Azərbaycanın yeni tarixində bütöv və qüdrətli dövlətçilik mərhələsinin başlanğıcı oldu.
Bu gün Qarabağda aparılan bərpa və quruculuq işləri, doğma yurdlarına qayıdan insanların sevinc dolu baxışları Zəfərin mənəvi böyüklüyünü bir daha nümayiş etdirir. Qarabağ artıq yalnız qələbənin deyil, həm də dirçəlişin, quruculuğun və gələcəyə inamın ünvanıdır.
Unutmayaq ki, torpağı Vətən edən onun uğrunda canından keçənlərin müqəddəs xatirəsi, onu yaşadanların fədakarlığıdır. Zəfər tariximiz gələcək nəsillərə milli birlik, vətənə sədaqət və dövlətçilik məsuliyyəti aşılayan əbədi örnəkdir.



Qarabağ bizim qürurumuz, Zəfər bizim tariximiz, müstəqil və qüdrətli Azərbaycan isə gələcək nəsillərə əmanətimizdir!


ELŞAD DAŞDƏMİROV
Yeni Azərbaycan Partiyasının üzvü, Azərbaycan Vəkillər Kollegiyasının üzvü
38 Saylı Vəkil Bürosunun vəkili