Gündəm / Sosial / Bölgə / Elm və təhsil
DOĞMA YURDUM ZƏNGİLAN ŞƏHƏR GÜNÜN MÜBARƏK!

20 oktyabr – tariximizə şərəf və qürur hərfləri ilə yazılan Zəngilan Şəhəri Günüdür.
Müzəffər Ali Baş Komandanımızın dəmir iradəsi və rəşadətli Ordumuzun qanı, canı bahasına qazandığı Zəfər salnaməsinin 24-cü günündə – 2020-ci il oktyabrın 20-də Zəngilan şəhəri və ətraf kəndlərimiz mənfur düşmən tapdağından azad edildi. Həmin il dekabrın 23-də Zəngilanda şanlı Azərbaycan bayrağı ucaldılaraq ruhumuzun bütövlüyü bərpa olundu. Dövlət başçımızın 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 oktyabr gününün Zəngilan Şəhəri Günü kimi təsis edilməsi isə bu tarixi zəfərin və milli qürurumuzun əbədilik pasportudur.
Zəngilan mənə görə sadəcə doğulub boya-başa çatdığım coğrafiya deyil... Zəngilan mənim uşaqlığım, milli kimliyim, xatirələrim və qəlbimdə heç vaxt sönməyən müqəddəs Vətən ocağıdır. Bu şəhərin hər küçəsi, hər daşı, dağlarının məğrurluğu və çinarlarının kölgəsi mənim üçün əzizdir, unudulmazdır. Zəngilan Şəhəri Günü mənə eyni anda həm sonsuz sevinc, həm başıucalıq, həm də kövrək duyğular yaşadır. Uşaqlıq illərimi xatırlayanda gözlərim önündə doğma yurdumun cənnətməkan mənzərələri canlanır: küçələrində uşaq təbəssümü ilə qaçışdığım günlər, ailəmlə keçirdiyim xoş anlar, baba ocağımızın istisi və səhərlər eşitdiyim tanış, mənəviyyat dolu səslər...
O vaxtlar bəlkə də bu torpağın, bu havanın nə qədər əvəzsiz bir xəzinə olduğunu tam dərk etmirdim. İndi isə yaxşı anlayıram ki, insanın bu həyatda ən böyük mənəvi sərvəti onun uşaqlıq xatirələri, kökləri və ayaq basdığı ana torpağıdır.
Təəssüf ki, taleyin ağır sınağı bizi uzun illər doğma yurdumuzdan ayrı saldı. Zəngilan həsrəti onilliklər boyunca qəlbimizdə bir dağ kimi yaşadı. Lakin igid oğullarımızın qəhrəmanlığı, milli birliyimiz və dövlətimizin qüdrəti sayəsində 30 illik nisgilə son qoyuldu.
Zəngilanımızın azad olunması müjdəsini Ali Baş Komandanımızın nitqindən böyük sevinc və həyacanla dinlədiyim o tarixi an, qəlbimdəki 30 illik ağrı-acı bir anda yox oldu. Onun yerini tutan o böyük qürur və zəfər sevincini ömrümün sonunadək unutmayacağam. Bir Şəhid oğlu olaraq bu duyğular mənim üçün sadəcə qürur deyil, atalarımızın amanatına sahib çıxmağın, müqəddəs ruhlar qarşısında baş əyməyin təcəssümüdür.
Bu gün Zəngilanın adı yalnız zəfərlə deyil, eyni zamanda Böyük Qayıdış, milli dirçəliş və quruculuqla qoşa çəkilir. Qədim Zəngilan yenidən bərpa olunur, tikilir, nura bürünür və öz doğma övladlarını qucaqlayır. Zəngilan Şəhəri Günü – Vətən sevgisinin, milli ruhun və doğma torpağa sarsılmaz bağlılığın təntənəsidir.
Şəhər Günü münasibətilə doğma yurdumu və bütün zəngilanlıları ürəkdən təbrik edirəm! Arzum budur ki, Zəngilanımız daim abad, füsunkar və firavan olsun, hər bir soydaşımız öz ata-baba ocağında başıuca və xoşbəxt yaşasın!
Yaşasın doğma yurdum Zəngilan!
Yaşasın azad, suveren və məğrur Azərbaycan!
Camal Zeynalov,
Zəngilan rayon 23 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru


