Gündəm / Siyasət / Ədəbiyyat / Bölgə

Könül Rustamova: Zəngilan mənim üçün bir ünvan deyil, bir ömürlük doğmalıqdır

22.10.2026 17:00 204
Könül Rustamova: Zəngilan mənim üçün bir ünvan deyil, bir ömürlük doğmalıqdır


Zəngilan Şəhəri Günü mənim üçün təqvimdə qeyd olunan adi bir tarix deyil. Bu gün mənim qəlbimdə illərin o tayından süzülüb gələn xatirələrin, yarımçıq qalmış uşaqlığın, doğma yurda uzanan həsrət dolu yolların və nəhayət, qəlbimizdə yenidən boy atan ümidlərin bayramıdır. Zəngilan haqqında danışanda yalnız bir rayonun tarixindən, onun əsrarəngiz təbiətindən, zəngin mədəni irsindən və bu günkü inkişafından söz açmıram. Mən həm də öz həyatımın bir parçasından, uşaqlığımın yaddaşımda tamamlana bilməyən səhifələrindən, illər boyu qəlbimdə közərən yurd nisgilindən danışıram.

Mən Zəngilandan cəmi üç yaşım olanda ayrılmışam. Həyatın hələ mənasını dərk etmədiyim, dünyanın rənglərini, səslərini və gözəlliklərini yeni-yeni tanımağa başladığım bir vaxtda doğma yurdumdan uzaq düşmüşəm. O yaşda insanın yaddaşı, bəlkə də, yaşadığı yerlərin bütün mənzərələrini qoruyub saxlaya bilmir. Mənim də Zəngilanla bağlı xatirələrim daha çox ailəmin söhbətlərində, böyüklərimizin yaddaşında yaşayan hadisələrdə, doğma torpağın adını çəkərkən gözlərdə görünən kövrəklikdə və illər boyu içimizdə böyütdüyümüz yurd sevgisində yaşayır.

Bəzən düşünürəm ki, insanın yaddaşında bir yerin şəkli solğun qala bilər, amma o yerə bağlılığı heç vaxt solmaz. Bəlkə də mən Zəngilanın hər küçəsini, hər döngəsini, hər ağacını xatırlamıram. Amma onun mənim doğma yurdum olduğunu, ruhumun bir parçasının orada qaldığını bütün varlığımla hiss edirəm. Axı Vətən yalnız gözlə görülən mənzərə deyil; Vətən insanın kökləri, kimliyi, mənəvi dayağı, qəlbində daşıdığı ən müqəddəs ünvanıdır.
Erməni silahlı qüvvələrinin hücumları və işğal nəticəsində doğma torpağımızdan ayrı düşdük. Qarşımızda naməlum yollar, arxamızda isə doğma yurdumuz qaldı. Beləcə, Zəngilanla aramıza uzun illər, ayrılıq və həsrət dolu bir zaman girdi. Təxminən otuz il bu torpaqdan uzaqda yaşadıq. Ancaq Zəngilan heç vaxt həyatımızdan çıxmadı. O, ailə söhbətlərimizin ən kövrək mövzusu, xatirələrimizin ən əziz ünvanı, arzularımızın ən işıqlı nöqtəsi oldu.
Biz Zəngilanı uzaqlarda yaşatdıq. Onu böyüklərimizin danışdığı əhvalatlarda, keçmiş günlərə açılan söhbətlərdə, doğma yurdun adı çəkiləndə üzümüzə qonmuş təbəssümdə və gözlərimizdə parlayan nisgildə yaşatdıq. Həsrət bəzən səssiz olur, insanın içində danışmadan yaşayır. Amma elə anlar gəlir ki, bir yurd adı, bir tanış mənzərə, bir ailə xatirəsi illərin susqunluğunu pozur və qəlbin ən dərin qatlarında gizlənən duyğuları oyadır. Zəngilan adı da mənim üçün belə bir möcüzəli açardır: həm kövrəldir, həm qürurlandırır, həm də gələcəyə inamımı gücləndirir.
Bir zəngilanlı kimi düşünürəm ki, doğma yurdun qədrini ən çox ondan ayrı düşənlər bilir. Ayrılıq bizə torpağın yalnız yaşadığımız məkan olmadığını, onun həm də mənəvi varlığımızın bir hissəsi olduğunu öyrətdi. Biz Vətən həsrətinin nə demək olduğunu illərlə ürəyimizdə daşıdıq. Amma bu həsrət sevgimizi azaltmadı, əksinə, onu daha da dərinləşdirdi. Çünki insan bəzən sahib olduğu nemətin böyüklüyünü ondan uzaq düşəndə daha dərindən anlayır.
Bu gün Zəngilan haqqında danışarkən yalnız keçmişin ağrılarını xatırlamaq istəmirəm. Mən doğma yurdumun bu gününü, sabahını, yenidən dirçələn həyatını da sözə çevirmək istəyirəm. İstəyirəm ki, Zəngilanın adı çəkiləndə insanların təsəvvüründə yalnız müharibə və ayrılıq mənzərələri canlanmasın. Qoy bu ad gözəllik, zənginlik, mədəniyyət, quruculuq və gələcəyə inam duyğuları ilə də assosiasiya olunsun.
Zəngilan təbiətin səxavətlə bəxş etdiyi gözəlliklər diyarıdır. Onun dağları, meşələri, çayları, yaşıl yamacları sanki bu torpağın minillik tarixindən xəbər verir. Bəsitçayın sahilində ucalan əzəmətli Şərq çinarları isə mənim nəzərimdə təkcə təbiət abidəsi deyil, həm də dözümlülüyün, köklərə bağlılığın və zamanın sınaqlarına sinə gərməyin canlı rəmzidir. Əsrlərin şahidi olan bu ağaclar sanki torpağın yaddaşını öz gövdələrində qoruyur, budaqları ilə keçmişdən gələcəyə körpü salırlar.
Mənə elə gəlir ki, Zəngilanın hər ağacında bir xatirə, hər dağında bir əzəmət, hər cığırında bir hekayət, hər bulağında bir doğmalıq var. Bu torpağın təbiəti yalnız seyr etmək üçün deyil, tanımaq, qorumaq və gələcək nəsillərə əmanət etmək üçündür. Çünki doğma yurdu sevmək onun gözəlliyinə heyran olmaqla bitmir; onu öyrənmək, sərvətlərinə sahib çıxmaq, tarixini yaşatmaq və gələcəyinə məsuliyyətlə yanaşmaq da bu sevginin ayrılmaz hissəsidir.
Mən mədəniyyət işçisi və kitabxana rəhbəri kimi bu məsələyə xüsusi həssaslıqla yanaşıram. Çünki inanıram ki, bir xalqın yaddaşı yalnız insanların xatirələrində deyil, həm də kitabların səhifələrində, arxiv sənədlərində, tarixi mənbələrdə, şifahi xalq ədəbiyyatında və nəsildən-nəslə ötürülən mənəvi dəyərlərdə yaşayır.
Kitabxana mənim üçün sadəcə kitabların rəflərə düzüldüyü bir məkan deyil. Kitabxana yaddaşın qorunduğu, keçmişlə gələcəyin görüşdüyü, sözün mənəvi körpüyə çevrildiyi müqəddəs bir ocaqdır. Burada hər kitab bir pəncərə, hər səhifə bir yol, hər oxucu isə öyrəndiklərini sabaha daşıyan bir işıqdır. Kitabxananın qapısından içəri daxil olan insan təkcə yeni biliklər qazanmır, həm də öz köklərinə, tarixinin dərinliklərinə, milli kimliyinə doğru mənəvi bir səfərə çıxır.
Zəngilan haqqında kitabların, məqalələrin, tarixi materialların toplanması, diyarşünaslıq guşələrinin yaradılması, ədəbi-bədii sərgilərin, müzakirələrin və maarifləndirici tədbirlərin təşkili bizim üçün xüsusi əhəmiyyət daşıyır. İstəyirəm ki, kitabxanalarımızda Zəngilanın tarixi ilə bağlı səhifələr vərəqləndikcə gənclərimizin qəlbində doğma yurda sevgi daha da möhkəmlənsin. Qoy hər bir uşaq, hər bir yeniyetmə Zəngilanın adını eşidəndə yalnız onun keçdiyi ağır sınaqları deyil, həm də zəngin tarixini, mədəni irsini, təbiət möcüzələrini və görkəmli şəxsiyyətlərini tanısın.
Çünki öz yurdunu tanıyan insan onunla qürur duyur, onun keçmişini bilən insan gələcəyinə daha məsuliyyətlə yanaşır. Milli yaddaşını qoruyan xalq isə heç vaxt öz köklərindən ayrı düşmür.
Hazırkı dövrdə Zəngilanda aparılan bərpa və quruculuq işlərini, Böyük Qayıdış prosesini izləmək hər bir zəngilanlı üçün böyük sevinc və qürur mənbəyidir. İllərlə həsrətini çəkdiyimiz torpaqlarda yenidən həyatın canlanması, yolların salınması, evlərin tikilməsi, sosial infrastrukturun yaradılması, doğma yurdun yeni nəfəs alması insana unudulmaz duyğular yaşadır.
Ağalı kəndində həyata keçirilən ağıllı kənd layihəsi, Zəngilan Beynəlxalq Hava Limanı və bölgədə yaradılan yeni infrastruktur doğma torpağımızın gələcəyə doğru inamla addımladığını göstərir. Dünən ayrılığın və həsrətin rəmzinə çevrilmiş torpaqlarda bu gün quruculuğun səsi eşidilir, yeni həyatın təməli qoyulur.
Mənim üçün bu mənzərələrin ən böyük mənası təkcə yeni tikililərdə, müasir yollarda və abadlaşan yaşayış məntəqələrində deyil. Ən böyük sevinc insanların doğma ocaqlarına qayıtması, evlərin yenidən isti nəfəsə bürünməsi, uşaqların həyətlərdə gülüşlərinin eşidilməsi, illərin səssizliyindən sonra torpağın yenidən insan səsi ilə canlanmasıdır. Çünki yurdun həqiqi dirçəlişi onun üzərində ucalan binalarla yanaşı, orada yaşayan insanların sevinci, qurduğu ailələr, böyütdüyü övladlar və yaratdığı mənəvi mühitlə ölçülür.
Mən Zəngilanın gələcəyini burada böyüyəcək uşaqların parlaq gözlərində, kitab oxuyan gənclərin arzularında, mədəniyyət ocaqlarının işığında, məktəblərin səs-küyündə və kitabxanaların oxucularla dolu salonlarında görürəm. İstəyirəm ki, Zəngilanın kitabxanalarında uşaqlar doğma yurdlarının tarixini öyrənsinlər, onun təbiətini tanısınlar, görkəmli insanlarının həyat yolundan nümunə götürsünlər. Qoy onlar Zəngilanı yalnız bizdən dinləməsinlər, onun küçələrində gəzərək, çinarlarının kölgəsində dayanaraq, bulaqlarının suyundan içərək, tarixi məkanlarını ziyarət edərək öz doğma torpaqlarını yaxından tanısınlar.
Arzum budur ki, gələcək nəsillər Zəngilanı yalnız ayrılığın xatirələri ilə deyil, xoşbəxt uşaqlığın, firavan həyatın, elmin, mədəniyyətin və tərəqqinin ünvanı kimi xatırlasınlar. Qoy onların yaddaşında yurd həsrətindən çox yurd sevinci, ayrılıqdan çox qovuşma, kədərdən çox ümid yaşasın.
Əlbəttə, Zəngilanın azadlığından, bu günkü dirçəlişindən danışarkən şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad etməmək mümkün deyil. Bu torpağın azadlığı uğrunda canından keçən hər bir qəhrəmanımızın adı bizim üçün əziz və unudulmazdır. Onların fədakarlığı sayəsində bu gün doğma yurdumuzun gələcəyindən danışa, onun inkişafını arzulaya, onun küçələrində yenidən həyatın canlandığını görə bilirik.
Şəhidlərimizin ömür yolu Vətən sevgisinin ən uca zirvəsidir. Onların xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, qəhrəmanlıqları gələcək nəsillərə sədaqət, cəsarət və məsuliyyət nümunəsi olacaq. Bizim borcumuz yalnız onları anmaq deyil, həm də onların uğrunda can verdikləri Vətəni sevmək, qorumaq, inkişaf etdirmək və mənəvi dəyərlərimizi yaşatmaqdır.
İndi qerurla deyə bilərik ki, Zəngilanın azad səmasında yüksələn hər bir yeni bina, salınan hər bir yol, açılan hər bir qapı, doğma yurda qayıdan hər bir ailə qəlbimizdə böyük bir minnətdarlıq hissi oyadır. Bu minnətdarlıq həm şəhidlərimizin əziz xatirəsinə, həm Vətənimizin bütövlüyü uğrunda fədakarlıq göstərən insanlara, həm də doğma torpağımızın gələcəyini qurmaq üçün çalışan hər kəsə ünvanlanır.
Mənim üçün Zəngilanın ən böyük dəyəri onun doğmalığıdır. İllərlə uzaqda yaşasaq da, bu torpağa olan mənəvi bağlılığımızı heç vaxt itirmədik. Zəngilan bizim üçün keçmişdə qalan bir ünvan olmadı; o, hər zaman qəlbimizdə yaşayan, yolunu gözlədiyimiz, adını sevgi ilə çəkdiyimiz doğma evimiz olaraq qaldı.
İndi istəyim budur ki, Zəngilan gündən-günə inkişaf etsin, onun hər kəndində, hər küçəsində həyat çiçəklənsin, ağacları yenidən kölgə salsın, evlərindən sevinc səsləri gəlsin. Qoy burada yaşayan insanlar özlərini təhlükəsiz, rahat və xoşbəxt hiss etsinlər. Qoy Zəngilanın təbiəti qorunsun, tarixi abidələri yaşadılsın, mədəniyyət ocaqları fəaliyyət göstərsin, kitabxanaları bilik və mənəviyyat ünvanına çevrilsin.
Yeri gəlmişkən Zəngilan Şəhəri Günü münasibətilə bütün zəngilanlıları ürəkdən təbrik edirəm. Arzu edirəm ki, doğma torpağımızın səmasından həmişə sülh günəşi doğsun, ocaqlarımızdan sevinc əskik olmasın, uşaqlarımız ayrılıq və həsrət nə olduğunu bilmədən böyüsünlər. Qoy gələcək nəsillərin ən böyük arzusu doğma yurda qayıtmaq deyil, doğma yurdda gözəl həyat qurmaq, onun inkişafına töhfə vermək və bu torpağın şöhrətini daha da yüksəltmək olsun.
Uşaqlığımın Zəngilanda olan o illərini bütün təfərrüatı ilə xatırlamıram. Amma bilirəm ki, insanın doğma yurdu ilə bağlılığı yaddaşın sərhədlərindən daha genişdir. Bəzən gözün görmədiyini qəlb duyur, dilin ifadə edə bilmədiyini həsrət danışır, xatırlamadığın bir yer belə sənə bütün varlığınla doğma gəlir.
Otuz ilə yaxın davam edən ayrılıq mənim Zəngilana olan sevgimi azaltmadı. Əksinə, mənə doğma yurdun insan həyatında nə qədər böyük məna daşıdığını daha dərindən anlatdı. Zəngilan mənim üçün uşaqlığımın yarımçıq qalmış xatirəsi olmaqla yanaşı, bu günümün qüruru, sabahımın ümidi, qəlbimin ən əziz ünvanıdır.
Bu gün arzulayıram ki, Zəngilanın hər daşı, hər ağacı, hər küçəsi gələcək nəsillərin xoşbəxtliyinə şahid olsun. Qoy Bəsitçayın sahilindəki çinarlar yeni nəsillərin gülüşünü eşitsin, doğma torpağımızın yolları qayıdan insanların addımları ilə canlansın, kitabxanalarımızda Zəngilan haqqında yazılan yeni kitablar nəsildən-nəslə ötürülsün.
Və ən böyük arzum budur: gələcəkdə Zəngilan haqqında danışan uşaqlarımızın səsində həsrətin kövrəkliyi deyil, doğma yurdun qoynunda böyüməyin sevinci duyulsun. Onlar Zəngilanı uzaqdan xəyal etməsinlər, onun gözəlliklərini öz gözləri ilə görsünlər, tarixini özləri öyrənsinlər, torpağının ətrini duysunlar və bu yurdun bir parçası olduqları üçün qürur duysunlar.
Çünki Zəngilan mənim üçün yalnız doğulduğum torpaq deyil — uşaqlığımın yaddaşında yarımçıq qalan, qəlbimdə bütövləşən bir Vətən parçasıdır. O, illərin ayıra bilmədiyi bir sevgi, zamanın soldura bilmədiyi bir bağlılıq, həsrətin içindən keçərək qürura çevrilən bir ömür hekayəsidir.
Zəngilan mənim keçmişimdir, bu günümün qürurudur, sabahımın ümididir.

Qoy doğma Zəngilanımızın səmasında daim sülh günəşi parlasın, torpağında həyat çiçəklənsin, ocaqlarında sevinc, kitabxanalarında elm, insanlarının qəlbində isə Vətən sevgisi əbədi yaşasın!



Könül Rustamova
Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru