Gündəm / Siyasət

Elman Nəsirov: Azərbaycan-Türkiyə münasibətlərindəki anlaşılmazlıqlar aradan qalxacaq

22.10.2026 14:48 21


"Heç kimə sirr deyil ki, bu gün dünyada dövlətlər arasında etimadsızlıq mühiti hökm sürməkdədir. Bu reallıqda Azərbaycan-Türkiyə münasibətləri hər zaman nümunə, örnək kimi göstərilir. Təəssüf hissi ilə qeyd edək ki, Türkiyənin özündə də müəyyən siyasi qruplaşmalar çalışırdılar, nümunəvi, örnək ola biləcək münasibətlərə xələl gətirsinlər, ona kölgə salsınlar. Son zamanlar həmin siyasi dairələr xeyli fəallaşdılar və müəyyən mənada ikitərəfli münasibətlərimizdə anlaşılmaz məqamların yaranmasına rəvac verən prosesləri sürətləndirdilər. Hər halda dostluğumuz çox sıx tellərlə bağlıdır. Azərbaycan-Türkiyə qardaşlığı əsrlərin sınağından şərəflə, üzüağ çıxıb. Eyni zamanda 2021-ci il Şuşa Bəyannaməsi münasibətlərimizi strateji və hərbi müttəfiqlik səviyyəsinə qaldırıb. Bu nöqteyi-nəzərdən belə anlaşılmazlıqların aradan qalxması ehtimalı da kifayət qədər böyük idi, hətta bu, labüd görünürdü”.

Bu sözləri Millixəbər.az xəbər verir ki,pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.


Deputat hesab edir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi edərək ikitərəfli münasibətlərə dair məsələləri müzakirə etməsi, dostluq və qardaşlığa önəm verməsi, bu dostluq və qardaşlığı daha da inkişaf etdirmək niyyətini ortaya qoyması faktı, eyni zamanda Prezident İlham Əliyevi bu ayın sonunda Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət etməsi dövlət maraqlarının istənilən qruplaşmaların və siyasi dairələrin maraqlarının fövqündə dayanmalı olduğunu göstərdi: “Cənab Ərdoğanın zəngi bu mövqeyi bir daha gücləndirdi. Hesab edirəm, ikitərəfli münasibətlərimizdə son dövrlər yaşanan anlaşılmazlıqlar aradan qalxacaq, yenidən dostluq və qardaşlığımızın inkişaf xətti təmin ediləcək”.