Gündəm / Siyasət / Ölkə

Dayaq təşkilatı şəhid ailəri və veteranlarla birlikdə Zəfər Günü münasibətilə şəhidlərin xatirəsini yad ediblər

06.11.2026 17:30 15
Dayaq təşkilatı şəhid ailəri və veteranlarla birlikdə  Zəfər Günü münasibətilə şəhidlərin xatirəsini yad ediblər


8 Noyabr – Zəfər Günü münasibətilə Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Bakıda bir sıra memorial kompleksləri ziyarət ediblər.

Təşkilat sədri, polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə keçirilən ziyarət çərçivəsində veteranlar Hərbi Memorial Məzarlığında, Şəhidlər xiyabanında və Zəfər abidəsi önündə olublar. Ziyarət iştirakçıları şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, onların ruhuna dualar oxuyub, məzarları üzərinə gül dəstələri düzüblər.
Tədbir zamanı veteranlar, eləcə də yeniyetmə və gənclər qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov 8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən danışıb. O, bu möhtəşəm qələbənin 30 ilə yaxın davam edən erməni işğalına son qoyduğunu, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yanaşı, regionda yeni reallıqlar və sülh perspektivləri yaratdığını vurğulayıb.
Polkovnik Cəlil Xəlilov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdə şəhidlərin misilsiz qəhrəmanlığının və fədakarlığının xüsusi rolunu qeyd edib. Bildirib ki, Azərbaycan xalqı bu qələbəyə görə ilk növbədə Vətən uğrunda canından keçən şəhidlərə, onların ailələrinə və döyüşlərdə qəhrəmanlıq göstərən qazilərə borcludur.
O, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin, şəhidlərin əziz xatirəsinin daim uca tutulmasının və Zəfər tariximizin gələcək nəsillərə çatdırılmasının mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Daha sonra veteranlar Bakıda yerləşən Türk şəhidliyini ziyarət ediblər. Burada Azərbaycan və Türkiyə arasında tarixi qardaşlıq münasibətlərinin dərin köklərə malik olduğu vurğulanıb.
Təşkilat sədri polkovnik Cəlil Xəlilov çıxışında Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu, bu dostluq və həmrəyliyin gələcəkdə də inkişaf edərək davam edəcəyini bildirib. O, iki qardaş ölkə arasındakı münasibətlərin digər dövlətlər üçün də nümunə təşkil etdiyini qeyd edib.
Zəfər Günü münasibətilə təşkil olunan bu ziyarətlər şəhidlərin əziz xatirəsinə ehtiramın, qazilərə və veteranlara hörmətin, eləcə də Azərbaycan-Türkiyə qardaşlığının təcəssümü kimi yadda qalıb.