Gündəm / İqtisadiyyat
8 Noyabr – Zəfər Günü: Milli qürurumuzun, birliyimizin və tarixi ədalətin təntənəsi

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində xüsusi yer tutan, milli qürurumuzun, sarsılmaz iradəmizin, Vətən sevgimizin və dövlətimizin qüdrətinin təcəssümünə çevrilmiş möhtəşəm tarixi gündür. Bu əlamətdar tarix xalqımızın bir yumruq kimi birləşərək öz tarixi torpaqlarının azadlığı uğrunda göstərdiyi mübarizənin, Azərbaycan Ordusunun qəhrəmanlığının və dövlətimizin güclü siyasi iradəsinin parlaq təzahürüdür.
Zəfər Günü yalnız hərbi qələbənin qeyd edildiyi tarix deyil. Bu gün həm də illərlə doğma yurd-yuvalarından ayrı düşmüş insanların ümidlərinin gerçəkləşdiyi, milli birliyimizin və həmrəyliyimizin bütün dünyaya nümayiş etdirildiyi şərəfli bir tarixdir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, güclü iqtisadiyyatın qurulması, müasir ordu quruculuğu və beynəlxalq müstəvidə aparılan ardıcıl diplomatik fəaliyyət tarixi Zəfərimizin əsasını təşkil etdi. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızın işğaldan azad olunması istiqamətində tarixi missiyanı yerinə yetirdi.
Bu Qələbə şəhidlərimizin canı, qazilərimizin sağlamlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın birliyi və dövlətimizin qətiyyətli mövqeyi hesabına əldə edildi. Bu gün azad edilmiş torpaqlarımızda üçrəngli Dövlət Bayrağımızın dalğalanması hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir.
Mənim üçün 8 Noyabrın mənəvi əhəmiyyəti daha dərindir. Bir Ağdam sakini olaraq doğma torpağıma qayıtmaq, uşaqlıq xatirələrimin yaşadığı küçələri yenidən görmək, ata-baba yurdumun havasını udmaq və doğma torpağımda yenidən həyatın canlandığının şahidi olmaq uzun illər ən böyük arzularımdan biri olub.
İşğal illərində hər bir ağdamlının qəlbində bir həsrət, bir nisgil, eyni zamanda bir ümid yaşayırdı. Doğma Ağdamın yenidən dirçələcəyi, küçələrinin insan səsləri ilə dolacağı, evlərində ocaqların yanacağı və insanların öz yurdlarına qayıdacağı günün xəyalı ilə yaşayırdıq. Bu gün həmin arzuların gerçəkləşməsi hər birimiz üçün əvəzsiz sevinc və qürur hissidir.
Ağdamın yenidən qurulması, müasir şəhərsalma layihələrinin həyata keçirilməsi, infrastrukturun bərpası və keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına qayıdışı Böyük Qayıdış prosesinin mühüm tərkib hissəsidir. Bu proses yalnız şəhər və kəndlərin yenidən qurulması deyil, həm də illərlə ayrılıq yaşayan insanların öz köklərinə, xatirələrinə və doğma ocaqlarına qovuşması deməkdir.
İnanıram ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan bərpa-quruculuq işləri nəticəsində bu torpaqlarda həyat daha da canlanacaq, yeni iş yerləri yaradılacaq, iqtisadi və sosial inkişaf sürətlənəcək. Doğma torpaqlarımızın əvvəlki şöhrətinin qaytarılması hər birimizin üzərinə düşən mənəvi və vətəndaşlıq borcudur.
Bu əlamətdar gündə Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçən bütün şəhidlərimizi dərin ehtiram və minnətdarlıq hissi ilə anıram. Qazilərimizə möhkəm cansağlığı, şəhid ailələrinə səbir və dözüm arzulayıram.
Zəfərimiz əbədi, birliyimiz sarsılmaz, dövlətimiz qüdrətli olsun! Qarabağ Azərbaycandır!
Nəriman Əliyev
NR Group MMC-nin direktoru