Gündəm / Sosial / Hadisə
DƏRİN HÜZN VƏ KƏDƏR HİSSİ İLƏ...

Ahil yaşımda dəyərli dostum, 2-ci qrup müharibə əlili, tanınmış ictimai xadim Füzuli Rzaquliyevi itirdim. Onun vəfatı mənim üçün böyük və ağır itkidir.
Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının (AVMVİB) sədri, tanınmış ictimai xadim Füzuli Rzaquliyevin 65 yaşında vəfat etməsi xəbərini dərin hüzn və kədər hissi ilə qarşıladıq.
Açığı, bu acı xəbərə inanmaq bizim üçün çox çətin oldu. Çünki Füzuli müəllimi cəmi bir neçə gün əvvəl – 3 noyabr 2026-cı il tarixində Azərbaycan İdman Akademiyasında keçirilən, prof.Dilqəm Quliyevin müəllifi olduğu «Qərbi Azərbaycanın idman tarixi» kitabının təqdimat mərasimində görmüşdük.
O, həmin tədbirdə iştirak etmiş, çıxış edərək Qərbi Azərbaycanın zəngin tarixi, idman keçmişi və təqdim olunan kitab haqqında dəyərli fikirlərini bölüşmüşdü. Onun çıxışı olduqca səlis, məzmunlu və təsirli idi. Füzuli müəllim Qərbi Azərbaycan həqiqətlərinin yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından kitabın əhəmiyyətini xüsusi vurğulamışdı.
Tədbirin sonunda iştirakçılarla xatirə şəkli də çəkdirmişdi. Bu gün həmin şəkillər və onun tədbirdəki çıxışı bizim üçün əziz xatirəyə çevrilib. Təəssüf ki, heç birimiz bilmirdik ki, bu görüş Füzuli müəllimlə son görüşümüz, həmin çıxış isə onun son ictimai çıxışlarından biri olacaq.
Füzuli Rzaquliyev ömrünü Vətənə, xalqa, dövlətçiliyə və veteran hərəkatının inkişafına xidmətə həsr etmiş şəxsiyyətlərdən biri idi. O, fəaliyyəti boyunca müharibə veteranlarının hüquq və mənafelərinin müdafiəsi, onların cəmiyyətdə layiqli yer tutması, şəhid ailələrinə və qazilərə diqqət və qayğının göstərilməsi istiqamətində yorulmadan çalışmışdır.
Onun ictimai fəaliyyəti, prinsipial mövqeyi, vətənpərvərliyi, milli-mənəvi dəyərlərə bağlılığı və insanlara münasibətdə səmimiyyəti onu tanıyanların yaddaşında daim yaşayacaqdır.
Füzuli Rzaquliyevin vaxtsız vəfatı yalnız ailəsi, doğmaları, yaxınları və silahdaşları üçün deyil, bütövlükdə veteran ictimaiyyəti və Azərbaycan cəmiyyəti üçün ağır itkidir.
Bu ağır gündə mərhumun ailəsinə, doğmalarına, yaxınlarına, dostlarına və AVMVİB-nin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, Uca Allahdan onlara səbir və dözüm diləyirik.
Füzuli müəllim, son görüşümüzdəki səmimi söhbətiniz, mənalı çıxışınız və birlikdə çəkdirdiyimiz xatirə şəkilləri yaddaşımızda daim yaşayacaq. Sizi ehtiramla və hüznlə xatırlayacağıq.
Əziz xatirəniz qəlbimizdə daim yaşayacaq!
Allah rəhmət eləsin! Məkanınız cənnət, ruhunuz şad olsun!
FÜZULİ RZAQULİYEVİN HƏYAT VƏ FƏALİYYƏTİ
Füzuli Ədəb oğlu Rzaquliyev 5 yanvar 1961-ci ildə Azərbaycanın füsunkar Qarabağ torpağında, Ağdərə rayonunun Xatunbəyli kəndində dünyaya göz açmışdır. Onun doğulub boya-başa çatdığı bu yurd Azərbaycanın qəhrəmanlıq tarixini, milli ruhunu və vətənpərvərlik ənənələrini yaşadan bölgələrdən biridir.
Füzuli Rzaquliyevin təhsil və həyat yolu Vətənə sevgi, intizam və məsuliyyət prinsipləri üzərində formalaşmışdır. O, 1976-cı ildə doğma Xatunbəyli kəndində səkkizinci sinfi, 1978-ci ildə isə Ağdərə rayonunun Manikli kəndindəki orta məktəbi bitirmişdir.
Təhsilini davam etdirən Füzuli Rzaquliyev 1986-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsini bitirmişdir. Burada qazandığı bilik və təcrübə onun gələcək fəaliyyətində, həm pedaqoji sahədə, həm də hərbi xidmətdə peşəkar və məsuliyyətli mütəxəssis kimi formalaşmasında mühüm rol oynamışdır.
1980–1982-ci illərdə Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Ali təhsilini başa vurduqdan sonra, 1986–1989-cu illərdə Qarabağda hərbi rəhbər müəllim, 1989–1991-ci illərdə isə Bakı Kommersiya Texnikumunda müəllim vəzifəsində çalışmışdır.
Füzuli müəllimin həyatının ən məsuliyyətli və şərəfli mərhələlərindən biri isə Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüşlərlə bağlıdır.
O, 1991–1994-cü illərdə Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrindən birində tabor komandirinin birinci müavini – qərargah rəisi vəzifəsində xidmət etmişdir. Bu dövrdə üzərinə düşən hərbi vəzifə və tapşırıqları məsuliyyətlə yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir.
Erkəc, Mənəşid, Buzluq və Daşaltı yaşayış məntəqələri, eləcə də Şuşa, Kəlbəcər, Laçın və Ağdərə istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edən Füzuli Rzaquliyev özünü bacarıqlı, səriştəli və iradəli komandir kimi göstərmişdir.
Döyüşlər zamanı ağır yaralanmasına və II qrup müharibə əlili olmasına baxmayaraq, o, son atəşkəs gününədək ordu sıralarında xidmətini davam etdirmişdir.
Döyüşlərdə göstərdiyi şücaət, cəsarət və qətiyyətə görə silahdaşları ona «Koroğlu» ləqəbini vermişdilər. Bu ad onun döyüş ruhunun, mərdliyinin və Vətənə sədaqətinin bir növ rəmzinə çevrilmişdi.
Füzuli Rzaquliyev hərbi xidməti və sonrakı ictimai fəaliyyəti dövründə də dövlətçilik prinsiplərinə, qanunçuluğa və nizam-intizama daim sadiq qalmışdır.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyində rəhbər vəzifədə çalışdığı müddətdə veteranların hüquq və mənafelərinin qorunması, onların sosial problemlərinin həlli, cəmiyyətdəki nüfuzunun yüksəldilməsi istiqamətində mühüm işlər görmüşdür.
Uzun illər ərzində hərbi xidmətində və ictimai fəaliyyətində göstərdiyi xidmətlərə, üzərinə düşən vəzifələri vicdanla və məsuliyyətlə yerinə yetirdiyinə görə müxtəlif medallara, döş nişanlarına və fəxri fərmanlara layiq görülmüş, ona çoxsaylı təşəkkürlər elan edilmişdir.
Füzuli Ədəb oğlu Rzaquliyevin həyat yolu Vətənə sədaqətin, mübariz ruhun, hərbi şərəfin və ictimai məsuliyyətin nümunəsidir. Onun Azərbaycan veteran hərəkatının inkişafına verdiyi töhfələr, döyüş yolu və xeyirxah əməlləri daim ehtiramla xatırlanacaqdır.
Allah rəhmət eləsin! Əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır!
Dilqəm Quliyev
Azərbaycan İdman Akademiyasının
professor-müəllim heyəti







