Gündəm / Siyasət / Sosial / Ölkə / Bölgə
ZƏFƏR TARİXİMİZİN QÜRUR VƏ ŞƏRƏF GÜNÜ

8 Noyabr – Azərbaycan xalqının milli qürur, birlik və qəhrəmanlıq salnaməsi
Azərbaycan xalqının tarixində elə günlər var ki, həmin günlər zaman keçdikcə daha da böyük məna və əhəmiyyət qazanır. 8 Noyabr – Zəfər Günü də məhz belə əlamətdar tarixlərdən biridir. Bu gün xalqımızın yaddaşına qəhrəmanlıq, milli birlik, Vətən sevgisi və tarixi ədalətin bərpası günü kimi əbədi həkk olunub.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi xalqımızın çoxəsrlik qəhrəmanlıq tarixinin ən şanlı səhifələrindən birinə çevrildi. Azərbaycan əsgəri və zabiti böyük şücaət, iradə və peşəkarlıq nümayiş etdirərək torpaqlarımızın azadlığı uğrunda mübarizə apardı.
Bu müharibə bir daha sübut etdi ki, Azərbaycan xalqı öz torpağına, tarixinə və milli dəyərlərinə bağlı olan məğrur xalqdır. Cəbhədə döyüşən əsgərlə arxa cəbhədə çalışan vətəndaşın, gənclə yaşlının, qadınla kişinin ürəyi eyni amal uğrunda döyünürdü: Vətən torpaqlarının işğaldan azad edilməsi!
Müzəffər Azərbaycan Ordusunun apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində bir sıra şəhər və kəndlərimiz azad edildi. Noyabrın 8-də qədim Şuşa şəhərinin azad olunması isə müharibənin taleyini müəyyənləşdirən mühüm hadisələrdən biri oldu. Şuşanın azad edilməsi hərbi və mənəvi baxımdan böyük əhəmiyyət daşıyırdı. Çünki Şuşa Azərbaycan xalqının mədəniyyət beşiyi, musiqimizin, ədəbiyyatımızın və milli ruhumuzun rəmzidir.
Şuşanın azad edilməsi xəbəri bütün ölkədə böyük sevinc və qürur hissi ilə qarşılandı. Həmin gün Azərbaycan xalqı öz tarixinin ən unudulmaz anlarından birini yaşadı. Məhz bu tarixi qələbənin şərəfinə 8 Noyabr Azərbaycanda Zəfər Günü elan edildi.
Bu qələbə, ilk növbədə, Azərbaycan əsgərinin qəhrəmanlığının, Ali Baş Komandanın rəhbərliyinin, ordumuzun gücünün və xalqımızın sarsılmaz birliyinin nəticəsi idi. 44 gün ərzində ölkəmizin hər bir vətəndaşı bir yumruq kimi birləşərək Vətən müharibəsinin mənəvi iştirakçısına çevrildi.
Lakin Zəfər tariximizin arxasında böyük ağrı, fədakarlıq və itkilər dayanır. Bu qələbə şəhidlərimizin canı, qazilərimizin sağlamlığı və igid oğullarımızın misilsiz qəhrəmanlığı bahasına qazanılıb. Vətən uğrunda həyatını fəda edən hər bir şəhid xalqımızın qəlbində əbədi yaşayacaq. Onların göstərdiyi igidlik heç vaxt unudulmayacaq, adları gələcək nəsillərə örnək olacaq.
Şəhid analarının, şəhid atalarının, həyat yoldaşlarının və övladlarının qarşısında hər birimizin mənəvi borcu var. Biz bu müqəddəs qələbənin qədrini bilməli, şəhidlərimizin əziz xatirəsini daim uca tutmalı, qazilərimizə diqqət və qayğı göstərməliyik. Çünki Vətən sevgisi yalnız sözlə deyil, əməl, məsuliyyət və sədaqətlə ifadə olunur.
Zəfər Günü həm də milli həmrəyliyimizin təntənəsidir. Müharibə dövründə Azərbaycan xalqının nümayiş etdirdiyi birlik bütün dünyaya göstərdi ki, xalq öz dövlətinin və ordusunun ətrafında sıx birləşəndə qarşıya qoyduğu ən böyük məqsədlərə nail ola bilər. Bu birlik bizim ən böyük mənəvi sərvətimizdir.
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Yeni yollar, körpülər, yaşayış məntəqələri, məktəblər və digər sosial obyektlər inşa olunur. Uzun illər doğma yurdlarından ayrı düşmüş soydaşlarımızın öz torpaqlarına qayıdışı tarixi Zəfərin davamı və gələcəyə olan inamın təzahürüdür.
Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, bu torpaqlarda həyatın canlanması dövlətimizin qarşısında duran mühüm vəzifələrdəndir. Məqsədimiz azad edilmiş torpaqlarımızı yenidən abadlaşdırmaq, orada təhlükəsiz və firavan həyat qurmaq, gələcək nəsillərə inkişaf edən bir Azərbaycan miras qoymaqdır.
Zəfər Gününün gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində də xüsusi əhəmiyyəti var. Gənclərimiz bilməlidirlər ki, müstəqillik, azadlıq və dövlətçilik asan əldə olunmayıb. Bu dəyərlər minlərlə insanın fədakarlığı, mübarizəsi və qanı bahasına qorunub. Ona görə də hər bir gənc Vətənini sevməli, tarixini dərindən öyrənməli, dövlətinə və xalqına layiqli vətəndaş olmağa çalışmalıdır.
Zəfər Günü bizə həm də gələcək qarşısında böyük məsuliyyətimizi xatırladır. Qazanılmış qələbəni qorumaq, dövlətimizin qüdrətini daha da artırmaq, milli birliyimizi möhkəmləndirmək və ölkəmizin inkişafına töhfə vermək hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
8 Noyabr – Zəfər Günü sadəcə təqvimdə qeyd olunan bir tarix deyil. Bu gün xalqımızın sınmayan iradəsinin, ordumuzun qəhrəmanlığının, şəhidlərimizin müqəddəs amalının və milli birliyimizin təcəssümüdür.
Biz bu günü qürurla qeyd edir, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edirik. Qoy üçrəngli bayrağımız daim yüksəklərdə dalğalansın, Azərbaycanımız sülh, əmin-amanlıq və tərəqqi içində yaşasın!
Zəfərimiz əbədi, birliyimiz sarsılmaz olsun!
Sevil Hacıyeva,
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı.