Gündəm / Siyasət / Sosial / Bölgə / Elm və təhsil
ZƏFƏR GÜNÜ – BİR MİLLƏTİN QÜRURU, BİR XALQIN ANDI, ŞƏHİDLƏRİMİZİN ƏBƏDİ ZƏFƏRİ!

Bəzi günlər var ki, onları sadəcə qeyd etmirlər, onları ürəklərində yaşadırlar. Bəzi tarixlər var ki, zaman keçdikcə unudulmur, əksinə, hər ötən il daha da müqəddəsləşir. 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış, tariximizin ən şərəfli, ən qürurlu və ən möhtəşəm səhifələrindən biridir.
Zəfər Günü mənim üçün adi bir bayram deyil. Bu, ömrümün ən möhtəşəm duyğularını yaşadan, qəlbimdə sözlə ifadə edə bilmədiyim bir sevinc, bir qürur, bir fəxarət günüdür. Mən bu Zəfəri sevirəm! Onun hər qarışında şəhidlərimizin qanını, analarımızın göz yaşını, əsgərlərimizin qəhrəmanlığını, xalqımızın birliyini və Vətən sevgisini görürəm.
Bu Zəfər bizə asanlıqla gəlmədi. Bu Zəfərin arxasında neçə-neçə yarımçıq qalan ömürlər, övlad yolu gözləyən analar, gözü yaşlı atalar, ömürlük həsrətə çevrilən sevgilər, şəhid məzarları və minlərlə ailənin səssiz fəryadı dayanır.
Mən həmişə bir həqiqətin qarşısında baş əyirəm: Qəhrəman oğullar dünyaya qəhrəman anaların qucağında gəlir!
Elə analar var ki, Vətən sevgisini öz övladının canından belə üstün tutublar. Bir ananın müharibə günlərində Prezidentə ünvanladığı məktubda oğlunun şəhid olsa belə, mübarizənin dayandırılmamasını istəməsi insanın qəlbini titrədir. Ana övladını dünyaya gətirir, böyüdür, min bir əziyyətlə boya-başa çatdırır. Amma elə bir məqam gəlir ki, həmin ana öz balasını Vətənin azadlığına qurban verməyə razı olur.
Bu, adi ana ürəyi deyil. Bu, Vətən boyda ürəkdir!
O anaların qarşısında baş əyirəm. Çünki onlar yalnız övlad böyütmədilər, tarix yazan qəhrəmanlar yetişdirdilər. Onların göz yaşları torpağa düşdü, amma o torpaqdan azadlıq çiçəkləndi.
“Bizim bayrağımızın kölgəsində minlərlə ananın duası, minlərlə şəhidin qanı, bir xalqın göz yaşı və sonsuz qüruru var. O bayraq sadəcə dalğalanmır – o, bir millətin azadlıq tarixini danışır!”
Bayrağımız dalğalandıqca bir daha anlayıram ki, bu torpağın hər qarışı bizə əmanətdir. O bayrağın kölgəsində yaşamaq xoşbəxtlikdir, onu başımızın üzərində görmək qürurdur, onun uğrunda canından keçənləri unutmaq isə mümkün deyil.
Bu Zəfərin memarı olan Azərbaycan xalqının birliyini, ordumuzun qəhrəmanlığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tarixi mübarizəni də xüsusi ehtiramla qeyd etmək istəyirəm. Xalqımızın Vətən müharibəsində göstərdiyi iradə, dövlətimizin qətiyyəti və ordumuzun şücaəti tariximizin unudulmaz səhifəsinə çevrildi.
Mən bir Azərbaycan vətəndaşı olaraq dövlətimizin gücünü, xalqımızın birliyini və Vətənimizin müstəqilliyini yüksək qiymətləndirirəm. Arzum budur ki, ölkəmizin başı daim uca, dövlətimizin dayaqları möhkəm, xalqımızın sabahı firavan olsun. Allah dövlətimizə güc, xalqımıza birlik, rəhbərliyimizə ölkəmizin rifahı naminə çalışma qüvvəsi versin.
Çünki güclü dövlətin ən böyük dayağı onun xalqıdır, xalqın ən böyük sərvəti isə azad və müstəqil Vətənidir.
Bu vətən övladları öz Prezidenti ilə qürur duyur. Azərbaycan xalqı yeganə xalqdırki Allah ömrümdən kəsib Prrzidentimə versin deyə bilir, çenki Prezidenti bu xalqın arxasında dayanır.Bu gün Azərbaycan kişisinin də, Azərbaycan qadınının da qürur günüdür. Çünki bu Zəfərin içində əsgərimizin igidliyi qədər ananın səbri, qadının duası, bacının göz yaşı, həyat yoldaşının intizarı, övladın atasına olan həsrəti var.
Azərbaycan qadını tarix boyu Vətənə layiqli övladlar yetişdirib. Bu gün də şəhid analarının vüqarı qarşısında baş əyir, qazilərimizin fədakarlığı qarşısında ehtiramla dayanırıq.
Mən istəyirəm ki, gələcək nəsillər Zəfər Gününü yalnız bayram kimi deyil, həm də böyük məsuliyyət kimi qəbul etsinlər. Çünki bizə azad Vətən bəxş edənlərin əmanətini qorumaq, şəhidlərimizin adını yaşatmaq, onların uğrunda can verdikləri torpağa layiq olmaq bizim borcumuzdur.
Şəhidlər ölmürlər. Onlar bir millətin yaddaşına, bir xalqın vicdanına, bir Vətənin əbədi qüruruna çevrilirlər.
Bu gün bir daha deyirəm: Mən bu Zəfəri sevirəm! Onunla qürur duyuram! Bu Zəfərin hər anını, hər qəhrəmanını, hər şəhidini ürəyimdə yaşadıram!
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə sağlamlıq, şəhid analarımıza səbir və güc versin. Bayrağımız daim zirvələrdə dalğalansın!
Nə qədər ki, Azərbaycan var, Zəfərimiz yaşayacaq! Nə qədər ki, üçrəngli bayrağımız dalğalanır, şəhidlərimizin ruhu bu torpağın səmasında yaşayacaq!
Zəfər bizim qürurumuz, şəhidlər bizim əbədi andımız, Azərbaycan isə bizim ən böyük sevgimizdir!
Yaşasın müstəqil Azərbaycan! Yaşasın Azərbaycan xalqı! Yaşasın Zəfərimiz!
8 Noyabr – Zəfər Günümüz mübarək!
Lalə Yusifqızı,
"Laləli Bağça” körpələr evi uşaq bağçasının təsisçisi və direktoru





