Gündəm / Siyasət / Ölkə / Aktual / Dünya
Azərbaycan və Türkmənistan ekoloji təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirir

Türkmənistanın Beynəlxalq Humanitar Elmlər və İnkişaf Universitetində biomüxtəlifliyin qorunması və iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunmuş konfrans keçirilib.
Millixeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredovun iştirakı ilə keçirilən tədbirdə Türkmənistanda akkreditə olunmuş səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, media təmsilçiləri, universitetin müəllim və tələbələri iştirak edib.
Tədbirdə çıxış edən ölkəmizin Türkmənistandakı səfiri Qismət Gözəlov Azərbaycanın ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizəni dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdiyini bildirib.
Səfir ölkəmizdə biomüxtəlifliyin qorunması, təbii ekosistemlərin bərpası və bərpaolunan enerji mənbələrinin inkişafı istiqamətində görülən işlərdən danışıb, yeni milli parkların yaradılmasını və yaşıl enerji layihələrini diqqətə çatdırıb.
Q.Gözəlov Azərbaycan və Türkmənistan arasında ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi ilə mübarizə və bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsinin regional ekoloji təhlükəsizliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Səfir Azərbaycanın Türkmənistanın ekoloji məsələlərlə bağlı beynəlxalq və regional platformalarda irəli sürdüyü təşəbbüsləri dəstəklədiyini və bu sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.


