Gündəm / Sosial / Ölkə / Aktual

Abşeronda narkomaniyaya qarşı mübarizə çərçivəsində valideynlərlə maarifləndirici görüş keçirilib

13.11.2026 22:17 45
Abşeronda narkomaniyaya qarşı mübarizə çərçivəsində valideynlərlə maarifləndirici görüş keçirilib


Abşeron Rayon İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbində valideynlərlə maarifləndirici görüş keçirilib.

Dəyirmi masa ətrafında təşkil olunan görüşdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, Gülnar Rəhimova, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, hüquq elmləri üzrə fəlsəfə doktoru Vasif Quliyev, Bakı Şəhər Narkoloji Mərkəzinin əməkdaşı Fidan Ataxanlı,
Abşeron RİH yanında Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının üzvü, Müasir İnternet Resurslarının İnkişafı İctimai Birliyinin sədri Zamin Zeynal, eləcə də komissiyanın tərkibində təmsil olunan təhsil, səhiyyə, idman, ədliyyə və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Abşeron RİH yanında “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə” rayon komissiyasının sədri Gülnar Rəhimova narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin ölkəmizdə prioritet vəzifə kimi müəyyən edildiyini vurğulayıb. G.Rəhimova “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində rayon ərazisində görülmüş işlərdən söz açıb, bu istiqamətdə həyata keçirilən kompleks tədbirlərin, xüsusilə yeniyetmə və gənclər arasında maarifləndirmə işinin gücləndirilməsinin, ailə və məktəb əməkdaşlığının əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Abşeron RİH yanında Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının üzvü, Müasir İnternet Resurslarının İnkişafı İctimai Birliyinin sədri Zamin Zeynal narkomaniyanı bəşəriyyətin üzləşdiyi ciddi sosial bəla kimi xarakterizə edərək ictimai maarifləndirmənin əhəmiyyətini xüsusi qeyd edib.
O bildirib ki, müasir rəqəmsal dövrdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər müxtəlif sosial şəbəkə platformalarının imkanlarından istifadə edərək yeniyetmə və gənclərin təcrübəsizliyindən, psixoloji həssaslığından sui-istifadə etməyə çalışırlar. Bu təhlükəli tendensiya gənclərin zərərli təsirlərə məruz qalması riskini daha da artırır.
Zamin Zeynal qeyd edib ki, belə halların qarşısının alınması üçün valideynlər övladlarının internetdən, sosial şəbəkələrdən və mobil vasitələrdən istifadəsinə laqeyd yanaşmamalı, onların virtual mühitdəki fəaliyyətinə diqqət yetirməli, uşaqlarla etibarlı ünsiyyət qurmalı və onları sağlam həyat tərzinə təşviq etməlidirlər.
Unutmayaq ki, övladlarımızı qorumağın ən təsirli yollarından biri onlarla vaxtında danışmaq, onları dinləmək, problemlərinə biganə qalmamaq və düzgün istiqamətləndirməkdir.
Narkomaniyaya qarşı mübarizə təkcə qadağalarla deyil, maarifləndirmə, sağlam mənəvi mühit, düzgün tərbiyə və güclü ictimai həmrəyliklə mümkündür.
Gənclərimizin sağlamlığı, təhlükəsizliyi və gələcəyi naminə hər birimiz üzərimizə düşən məsuliyyəti dərk etməliyik. Çünki sağlam gənclik sağlam cəmiyyətin, sağlam cəmiyyət isə güclü dövlətin təməlidir!
Daha sonra Vasif Quliyev və Fidan Ataxanlı çıxış edərək narkotik asılılığının yaranma səbəbləri, psixoaktiv maddələrin növləri və insan sağlamlığına mənfi təsirləri, asılılığın formalaşma mərhələləri, eləcə də narkomaniyaya qarşı mübarizənin effektiv üsulları barədə ətraflı məlumat veriblər.
Bildirilib ki, yeniyetmələrin risk qruplarının vaxtında müəyyənləşdirilməsi, məktəb psixoloqları tərəfindən onlarla fərdi qaydada maarifləndirici və izahat işlərinin aparılması, valideynlərin övladlarının davranışlarına və sosial mühitinə diqqət yetirməsi narkomaniyanın profilaktikasında mühüm rol oynayır. Eyni zamanda, antinarkotik təbliğatın gücləndirilməsinin vacibliyi vurğulanıb.
Görüş çərçivəsində komissiyanın tərkibində təmsil olunan müvafiq qurumların nümayəndələri 2026-cı il ərzində görülmüş işlər, qarşıda duran vəzifələr, mövcud problemlər və onların aradan qaldırılması istiqamətində nəzərdə tutulan tədbirlər barədə hesabat xarakterli çıxışlar ediblər.
Çıxışlarda rayonda narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər təhlil olunub, profilaktik və maarifləndirici fəaliyyətin daha da genişləndirilməsinin zəruriliyi qeyd edilib.
Valideynlər də müzakirələrdə iştirak edərək mövzu ilə bağlı fikirlərini bölüşüb, onları maraqlandıran məsələləri diqqətə çatdırıblar. Suallar ətrafında fikir mübadiləsi aparılıb, müvafiq izahatlar verilib.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış maarifləndirici və təbliğat materialları iştirakçılara təqdim olunub.

Gəlin, narkomaniyaya qarşı mübarizədə birlikdə olaq, gələcəyimizi birlikdə qoruyaq!