Gündəm / Siyasət / Dünya
ATATÜRKÜN SON GÜNLƏRİ: DOLMABAHÇE SARAYINDA YAŞANANLAR

10 noyabr 1938-ci il – Mustafa Kamal Atatürkün vəfat etdiyi gün.
10 noyabr Türkiyə tarixində xüsusi yer tutan, Mustafa Kamal Atatürkün anım günü kimi qeyd olunan əlamətdar tarixdir. Həmin gün Türkiyə xalqı Cümhuriyyətin qurucusunu, həyat və fəaliyyəti ölkənin taleyində mühüm iz qoymuş böyük dövlət xadimini ehtiramla yad edir.
Bu tarixi günü nəzərə alaraq, Mustafa Kamal Atatürkün İstanbulun Dolmabahçe sarayında keçirdiyi son günlərə nəzər salmaq istərdim. Müxtəlif tarixi mənbələrdə, sənədlərdə və xatirələrdə əksini tapmış məlumatlar əsasında onun həyatının son günləri barədə fikirlərimi əziz oxucularla bölüşməyi vacib hesab edirəm.
1938-ci ilin payızı: Səhhəti getdikcə ağırlaşırdı
1938-ci ilin payızında Atatürkün səhhəti getdikcə pisləşirdi. O, ciddi qaraciyər xəstəliyindən əziyyət çəkirdi. Vaxtının böyük hissəsini yataqda keçirir, yanında daim həkimlər və yaxın adamları olurdu. Aparılan müalicələrə baxmayaraq, xəstəliyin qarşısını almaq mümkün olmurdu.
Atatürkün son arzularından biri: Hataydan gətirilməsi istənilən tərəvəz
Atatürkün son günləri ilə bağlı xatirələrdə diqqət çəkən maraqlı hadisələrdən biri də onun ənginar (artişok) yemək istəyi ilə bağlıdır.
Həmin günlərdə Atatürk bu tərəvəzdən hazırlanmış xörək yemək arzusunda olduğunu bildirir. Lakin mövsüm olmadığı üçün onu İstanbulda tapmaq çətin idi. Prezidentin baş katibi Hasan Rıza Soyak ənginarın Hataydan gətirilməsi üçün göstəriş verir.
Yaxınlarının xatirələrinə görə, Atatürk bu xəbərə sevinir və sifariş olunan tərəvəzin gətirilməsini gözləyirdi. Lakin səhhəti o qədər ağırlaşmışdı ki, arzuladığı xörəyin dadına baxmaq ona qismət olmadı.
Bu hadisədə nə təmtəraq, nə də böyük siyasi məna axtarmağa ehtiyac var. Bu, sadəcə, ömrünün son günlərini yaşayan bir insanın kiçik, lakin ürəyindən gələn arzusu idi.
7 noyabr 1938-ci il: Atatürkün israrı
Atatürkün qarın boşluğunda xeyli maye toplanmışdı. Bu vəziyyət daxili orqanlara təzyiq göstərir, nəfəs almasını çətinləşdirirdi.
Noyabrın 7-də o, müalicə həkimi doktor Nihat Reşat Belgerə müraciət edərək qarın boşluğunda toplanmış mayenin çıxarılmasını tələb etdi. Həkim isə əvvəlcə ürəyin fəaliyyətini gücləndirmək üçün əlavə tədbirlər görülməsini, tibbi müdaxilənin ertəsi gün həyata keçirilməsini təklif etdi.
Lakin Atatürk təkid edərək həmin gün müdaxilənin aparılmasını istədi.
Saat 12:20-də doktor Mehmet Kamil Berkin iştirakı ilə mayenin çıxarılmasına başlandı. Doktor Belgerin xatirələrinə görə, təxminən altı litr maye xaric edildi. Atatürk müdaxilə zamanı nə qədər mayenin çıxarıldığı ilə maraqlanır və işin sona qədər davam etdirilməsini istəyirdi.
Bu tibbi müdaxilədən sonra o, özünü bir qədər yaxşı hiss etdi və axşam bir neçə saat rahat yata bildi. Təəssüf ki, bu yüngülləşmə müvəqqəti oldu.
8 noyabr 1938-ci il: Son koma (dərin huşsuzluq vəziyyəti).
Noyabrın 8-də Atatürkün vəziyyəti kəskin şəkildə ağırlaşdı. O, dərin koma vəziyyətinə düşdü və bir daha özünə gəlmədi.
Həkimlər onun vəziyyətini nəzarətdə saxlamağa çalışır, yaxınları isə yatağının ətrafında gözləyirdilər. Sağalacağına olan ümidlər getdikcə azalırdı.
10 noyabr 1938-ci il: Saat 9:05
Cümə axşamı, noyabrın 10-da, səhər saat 9:05-də İstanbulun Dolmabahçe sarayında Mustafa Kamal Atatürkün ürəyi dayandı. Onun 57 yaşı var idi.
Atatürkün vəfatı xəbəri qısa müddətdə bütün Türkiyəyə və dünyaya yayıldı. Türkiyə Cümhuriyyətin qurucusunu, ilk prezidentini və müasir türk dövlətinin formalaşmasında müstəsna xidmətləri olan böyük şəxsiyyəti itirmişdi.
Sonradan onun nəşi Ankaraya aparılaraq müvəqqəti olaraq Etnoqrafiya Muzeyində yerləşdirildi. 10 noyabr 1953-cü ildə isə Atatürkün nəşi təntənəli mərasimlə Anıtkabir mavzoleyinə köçürüldü.
Bu gün də hər il noyabrın 10-da, saat 9:05-də Türkiyənin hər yerində sirenlər səslənir. İnsanlar olduqları yerdə dayanaraq bir dəqiqəlik sükutla Atatürkün xatirəsini yad edirlər. Bu, Türkiyə xalqının öz tarixinə, dövlətçiliyinə və Cümhuriyyətin qurucusuna göstərdiyi ehtiramın ifadəsidir.
Türk xalqının tarixini, mədəniyyətini, adət-ənənələrini və mənəvi irsini öyrənərkən belə tarixi hadisələri bilmək və yadda saxlamaq hər birimizin borcudur. Çünki tarix yalnız tarixlərdən, döyüşlərdən və dövlət qərarlarından ibarət deyil. Tarix həm də bütöv bir xalqın yaddaşında əbədi yaşayan şəxsiyyətlərin həyatından, fəaliyyətindən və ömrünün son anlarından ibarətdir.
Mustafa Kamal Atatürkün əziz xatirəsi yalnız Türkiyə xalqının deyil, bütün türk dünyasının yaddaşında daim yaşayacaqdır. Onun dövlətçilik irsi, xalqına bağlılığı və tarixdə qoyduğu silinməz izlər gələcək nəsillər üçün də örnək olaraq qalacaqdır.
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün xatirəsini bütün türk xalqları dərin hörmət və ehtiramla yad edir.
Ruhu şad, məkanı cənnət olsun. Allah rəhmət eləsin!
Dilqəm Quliyev,
pedaqogika üzrə elmlər doktoru,
professor.










