Gündəm / Sosial / Ölkə / Aktual / Bölgə / Elm və təhsil
Abşeron rayonunda valideyn konfransı keçirilib

13 noyabr tarixində Abşeron rayonunda, Bəxtiyar Cəfərov adına Xırdalan şəhər 3 nömrəli məktəb-liseydə valideyn konfransı keçirilib.
Millixeber.az xəbər verir ki, konfransda Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini Aynur Rüstəmova, Abşeron rayon İcra hakimiyyətinin humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova, Abşeron və Xızı rayonları üzrə təhsil sektorunun müdiri Sənan Xəlilov, təhsil sektorunun baş məsləhətçisi Pərviz Əhmədov, aparıcı məsləhətçi Zərifə Xanlarova, məktəb direktorları, psixoloqlar və valideynlər iştirak ediblər.
Tədbirdə təqdim olunan slaydlar əsasında çıxış edən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini Aynur Rüstəmova uşağın inkişafında fiziki amillərlə yanaşı, psixoloji və emosional sağlamlığın da mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
O, məktəblərdə emosional zəkanın inkişafı və təhlükəsiz təhsil mühitinin yaradılması istiqamətində görülən işlərdən bəhs edərək şagirdlərin öz hisslərini tanıması, emosiyalarını idarə etməyi öyrənməsi, empatiya qurması və duyğularını sərbəst ifadə edə bilməsinin vacibliyini diqqətə çatdırıb.
Aynur Rüstəmova uşaqların emosional inkişafında ailə və məktəbin birgə məsuliyyət daşıdığını qeyd edərək, ailədə göstərilən diqqət və qayğının məktəbdə formalaşan sosiallaşma və problem həlli bacarıqları ilə tamamlandığını bildirib.
Gülnar Rəhimova çıxışında uşaqların təhsil mühitində özlərini təhlükəsiz, dəyərli və qəbul olunmuş hiss etmələrinin əhəmiyyətinə toxunub.
O, hər bir uşağın fərdi xüsusiyyətlərinin nəzərə alınmasının, onların sosial həyata fəal inteqrasiyasının və sağlam şəxsiyyət kimi formalaşmasına dəstək göstərilməsinin vacibliyini diqqətə çatdırıb.
Daha sonra “Uşağın psixoloji və emosional inkişafı” mövzusunda çıxış edən Bəxtiyar Cəfərov adına Xırdalan şəhər 3 nömrəli məktəb-liseyin psixoloqu Arzu Şamilova uşağın emosional inkişafında ailənin və məktəbin rolundan, eləcə də bu prosesdə valideyn-məktəb əməkdaşlığının əhəmiyyətindən danışıb.
Konfrans çərçivəsində mövzu ətrafında fikir mübadiləsi aparılıb, valideynləri maraqlandıran suallar cavablandırılıb.






