İki ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib
Azərbaycan və Pakistan arasında möhkəm dostluq, qardaşlıq təməlləri üzərində qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir. Pakistan Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olub. Ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Həmin dövrdən sonra iki ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib.
İki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb.
Prezident İlham Əliyevin cari ilin 11 iyul tarixində İslamabada dövlət səfəri və səfər zamanı yüksək ehtiramın nümayiş etdirilməsi ölkələrimiz arasında mövcud olan möhkəm dostluqdan xəbər verir. Səfəri zamanı mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrin dostluq və qardaşlıq münasibətlərinə əsaslandığını xüsusilə vurğuladı. Azərbaycan-Pakistan qardaşlığı xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Ölkə başçısı bəyanatında qeyd etdi ki, Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb və Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşların həyata keçirilməsi artıq müzakirə olunub.
Pakistan ilə Azərbaycan hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birini dəstəkləyir. Cəmmu və Kəşmir məsələsində Azərbaycanın birmənalı dəstəyi ölkəmizin qardaşlığa, eləcə də beynəlxalq hüquqa olan sadiqliyidir. Prezident İlham Əliyev bəyanatında da vurğuladı ki, kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur.
İşğal dövründə Pakistan hər zaman Azərbaycanın yanında olan bir sıra ölkələrdən biri olmuşdur. İkinci Qarabağ müharibəsi – Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları ölkəmizə əlavə güc-qüvvət verdi. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında xalqımız öz Qələbəsini qeyd etdiyi zaman insanların əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi.
İslamabada dövlət səfəri zamanı mətbuata bəyanatında Prezident İlham Əliyev perspektiv əməkdaşlıq əlaqələrindən də bəhs etdi və bütün planların uğurla icra ediləcəyinə əminliyini bildirdi.
Prezident İlham Əliyevin dövlət səfəri zamanı İslamabadda Azərbaycan ilə Pakistan arasında 15 adda sənədin imzalanması ölkələrimiz arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyması üçün hüquqi-siyasi əsas rolunu oynayacaq.
Cavid Osmanov,
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.