
Gündəm / Siyasət
9.10.2026, 12:04
YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı müşavirə keçirilib

Oktyabrın 6-da Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikasının Prezidenti, Partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rayon təşkilatının inzibati binasında ucaldılmış abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Müşavirədə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü ilə suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirəni açıq elan edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, partiyanın ali və tarixi qurultayı ölkəmizin həyatında tamamilə yeni bir epoxanın rəsmi bəyannaməsinə çevrilib. O, partiyanın ali məclisinin ilk dəfə olaraq Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi möhtəşəm bir geosiyasi şəraitdə keçirilməsinin böyük qürur doğurduğunu vurğulayıb. Yerli təşkilatın sədri qeyd edib ki, dövlət başçısının qurultay kürsüsündən etdiyi dərin təhlilli çıxış ölkəmizin keçdiyi 34 illik tarixi xronologiyanı – 1992-ci ilin noyabrında Naxçıvanda baş tutan təsis qurultayından başlayan çətin və şərəfli müstəqillik yolunu bir daha hafizələrdə canlandırıb.
Daha sonra çıxış edən Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin nitqindəki bütün məqamların mühüm bir yol xəritəsi olduğunu diqqətə çatdırıb. Deputat qeyd edib ki, İlham Əliyev 2003-cü ildə ilk dəfə Prezident seçilərkən ərazi bütövlüyümüzün bərpasını və suverenliyimizin təmin olunmasını mütləq vəzifə elan etmişdi və ondan sonrakı hər gün bu şərəfli missiyaya doğru addım-addım irəliləyişlə yadda qalıb. Tahir Mirkişili partiyanın VII Qurultayının İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərin dərhal sonrasına təsadüf etdiyini, builki VIII Qurultayın isə uğurlu antiterror əməliyyatları nəticəsində suverenliyimizin tam bərpası şəraitində baş tutduğunu xüsusi vurğulayıb.
Müşavirədə çıxış edən Vətən müharibəsi şəhidi, baş leytenant Orxan Hüseynovun anası, Əmircan Bələdiyyəsinin üzvü, 42 nömrəli Şəhər Poliklinikasının sahə həkimi və YAP Suraxanı rayon təşkilatının fəal üzvü Xalidə Həmzəyeva dövlət başçısının çıxışının ona çətin, lakin şərəfli müharibə günlərini yenidən xatırlatdığını bildirib. O, ağır günlərdə canından əziz övladını itirməsinə rəğmən, qəlbindəki sarsılmaz inamla səsləndirdiyi “Dayanma, sona qədər get, cənab Ali Baş Komandan!” sözlərini bir daha qürurla yad edib.
114 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru, Ərazi Partiya Təşkilatının sədri Könül Hüseynova çıxışında Prezidentin gənclərin milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində verdiyi dəyərli tövsiyələrin hər bir təhsil işçisi üçün real fəaliyyət proqramı olduğunu vurğulayıb.
Şəhid, “Zəfər” ordenli polkovnik Babək Səmidlinin oğlu, Xəzər Universitetinin III kurs tələbəsi, YAP Suraxanı rayon təşkilatının gənc fəal üzvü Mətləb Samidli dövlət başçısının təkcə döyüş meydanında deyil, dünya siyasət arenasında da Şanlı Zəfərimizin toxunulmazlığı uğrunda apardığı gərgin və cəsarətli mübarizənin şəhid ailələrinin ən böyük təsəllisi və qürur mənbəyi olduğunu ifadə edib.
Sonra, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və Milli Məclisin deputatı Tahir Mirkişili tərəfindən iştirakçıların sualları cavablandırılıb.
Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

















