
Gündəm / Siyasət / Səhiyyə
6.10.2026, 19:08
İlqar Ağabəyov: Prezident İlham Əliyevin VIII Qurultayda çıxışı Azərbaycanın qarşıdakı inkişaf prioritetlərini müəyyənləşdirir

Yeni Azərbaycan Partiyasının üzvü, həkim-travmatoloq İlqar Ağabəyov Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışını Azərbaycanın yeni tarixi mərhələsinin əsas prioritetlərini müəyyənləşdirən mühüm siyasi mesaj kimi qiymətləndirib.
İlqar Ağabəyov Millixeber.az-a bildirib ki, VIII Qurultayın Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi yeni reallıqda keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu qurultay həm YAP-ın keçdiyi siyasi yolun, həm də Azərbaycanın Zəfərdən sonra qarşısında duran yeni vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm hadisədir.
“Prezident İlham Əliyevin çıxışında Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinə xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Azərbaycanın bugünkü siyasi və iqtisadi gücünün, beynəlxalq nüfuzunun və ərazi bütövlüyünün bərpasının təməlində məhz ardıcıl və məqsədyönlü dövlət siyasəti dayanır”, – deyə İ.Ağabəyov vurğulayıb.
O qeyd edib ki, 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə suverenliyin tam bərpası Azərbaycan dövlətçiliyinin ən mühüm nailiyyətlərindəndir.
“Bu Zəfərlər xalqımızın birliyinin, dövlətimizin gücünün, ordumuzun qüdrətinin və Ali Baş Komandanın qətiyyətli siyasi iradəsinin nəticəsidir. Lakin Zəfər son deyil, yeni məsuliyyətlərin başlanğıcıdır. Qarşıda dövlətimizin təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, iqtisadi və hərbi gücümüzün artırılması, insan kapitalının inkişaf etdirilməsi kimi mühüm vəzifələr dayanır”, – deyə YAP üzvü bildirib.
İ.Ağabəyov Prezident İlham Əliyevin ideoloji təhlükəsizlik məsələsinə toxunmasını da xüsusi əhəmiyyətli hesab edib. Onun sözlərinə görə, müasir informasiya mühitində milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi mühüm vəzifələrdəndir.
“Bu istiqamətdə Yeni Azərbaycan Partiyasının üzərinə də mühüm məsuliyyət düşür. Müasir dövrün tələblərinə uyğun olaraq gənclərlə iş, maarifləndirmə və ictimai fəaliyyət daha çevik və müasir kommunikasiya imkanları əsasında qurulmalıdır”, – deyə o əlavə edib.
Həkim-travmatoloq Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinin də Zəfərin mühüm nəticələrindən olduğunu bildirib. O qeyd edib ki, Böyük Qayıdış prosesinin uğurla həyata keçirilməsi Azərbaycanın öz gücü ilə yeni reallıqlar yaratdığını göstərir.
İ.Ağabəyov vurğulayıb ki, Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışı Azərbaycanın Zəfərdən sonrakı inkişaf mərhələsinin siyasi istiqamətlərini aydın şəkildə ortaya qoyub:
“Bu gün əsas məqsəd əldə olunan tarixi nailiyyətləri qorumaq, dövlətçiliyimizi daha da möhkəmləndirmək və gələcək nəsillərə daha güclü Azərbaycan ötürməkdir. VIII Qurultay bu baxımdan ölkəmizin gələcək inkişafı üçün mühüm siyasi platformadır”.
Millixeber az
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













