
Gündəm / Siyasət / Hadisə / Təhsil
13.10.2026, 11:44
Əhliman Tağıyev: Heç kim din pərdəsi altında dövlətin qanunlarına meydan oxumağı özünə haqq saya bilməz

Əhliman Tağıyev
YAP Mərkəzi Aparatı rəhbərinin müavini
Azərbaycan hökuməti Konstitusiyamızın müvafiq müddəalarına uyğun olaraq, qanunvericiliyin icrası istiqamətində öz səlahiyyətləri çərçivəsində qərar verib. Qərara əsasən təhsilalanlar(şagirdlər) üçün vahid geyim, təhsilverənlər(müəllimlər) üçün geyim standartları müəyyən olunub, heç bir qadağa tətbiq olunmayıb. Qərarda ümumiyyətlə dini geyim tərzinə, yaxud dini elementlərə toxunulmayıb. Heç kimə irad tutulmur ki, niyə niqab, hicab taxır, öz həyatıdır, özü bilər. Söhbət məktəblərdən gedir, məktəb dövlətin həyatıdır. Dövlət bu gününü də, gələcəyini də dünyəvi prinsiplərə uyğun qurur. Çünki bu dünyəviliyi Xalq özü müəyyən edib, ümumxalq səsverməsi yolu ilə.
Məktəb nə şəxsi mülkdür, nə də kimlərinsə siyasi, dini və ideoloji ambisiyalarını həyata keçirəcəyi meydan. Məktəb dövlətin təhsil müəssisəsidir. Orada Azərbaycanın gələcəyi yetişir!
Heç kim öz dini dünyagörüşünü, siyasi mövqeyini və ideoloji düşüncəsini Azərbaycan dövlətinin qanunlarından üstün tuta bilməz!
Xüsusilə də Azərbaycan məktəblərinin qarşısında radikal dini dairələrin ritorikasını xatırladan şüarların səsləndirilməsi ciddi narahatlıq doğurur. Azərbaycan dünyəvi dövlətdir. Bu dövlətin idarəçilik prinsipləri nə ölkə xaricində müəyyənləşdirilir, nədə küçələrdə təzyiq göstərən qrupların istəklərinə uyğun dəyişdirilir!
Hər bir valideynin qanuni etiraz etmək, öz övladının hüquqlarını müdafiə etmək haqqı var. Amma bu hüquq heç kimə məktəbə hücum etmək, dövlət əmlakına ziyan vurmaq, müəllimləri qorxutmaq və ictimai asayişi pozmaq səlahiyyəti vermir. Azərbaycan dövləti heç kimin dini fanatizminə, xarici ideoloji təsirinə və küçə təzyiqinə təslim olmayacaq.
Bizim üçün uşaqlarımızın gələcəyi də, təhsilimiz də, dövlətimizin dünyəvi əsasları da toxunulmazdır. Heç kim din pərdəsi altında dövlətin qanunlarına meydan oxumağı özünə haqq saya bilməz.
Dünyəvi məktəb uşaqlara, yeniyetmələrə ehkam aşılayacaq məkan deyil, elm, bilik, yeniliklər öyrədən Dövlət qurumudur!
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












