
Gündəm / Siyasət / Mədəniyyət
15.12.2025, 15:58
Suverenliyin zəfər yolu: El gücü, sel gücü!

“Abbas bu sözləri deyər sərindən,
Arxı vurdur, suyu gəlsin dərindən.
El bir olsa, dağ oynadar yerindən,
Söz bir olsa, zərbi kərən sındırar”
Abbas Tufarqanlı
Son bir neçə ayda sosial şəbəkədə üzdə olan, elm, təhsil və digər qurumların toplantılarında müzakirə olunan, təqdimatı keçirilən, mətbəə qoxusu hələ getməmiş “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” (Bakı, 2025) kitabını oxuyarkən müxtəlif hisslər keçirirsən, fərqli vəziyyətlərə düşürsən. Başlıcası odur ki, sevinc, fəxr, qürur bir an olsun belə adamı tərk etmir, ürəyin döyüntüsünü daim hiss edirsən. Bu hisslər, ilk növbədə, Ali Baş Komandanın rəhbərliyi altında müzəffər xalqın şanlı ordusunun qələbəsindən qaynaqlanır. İkinci cəhət odur ki, bu kitabda son nəticədə tarixi zəfərlə tamamlanmış tam və qəti qələbəmizin əsasının qoyulması, bazisinin yaradılması, bu möhkəm özül üzərində illərlə ardıcıl olaraq çoxşaxəli fəaliyyətin həyata keçirilməsi, əldə olunan hər bir nəticənin hüquqi əsaslar üzərində möhkəm dayanması elmi faktlarla isbatını tapması, zərgər dəqiqliyi ilə görülməsi siyasi paralellərlə təsdiq olunması ifadəsini tapmışdır.
Hüquq elmləri üzrə fəlsəfə doktoru, beynəlxalq hüquq sahəsində tanınmış mütəxəssis Vəfaddin İbayevin ötən əsrin 90-cı illərindən başlayaraq apardığı ardıcıl tədqiqatlarının, nəhayət, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti cənab İlham Əliyevin xalqa müraciətləri, çıxış və müsahibələri əsasında yerinə yetirib ciddi elmi təhlillərinin bu günə olan yekun nəticəsi kimi geniş oxucu kütləsinə təqdim etdiyi kitab kifayət qədər geniş həcmli olub 465 səhifədən ibarətdir. Bununla belə, kitabı oxuduqca onun bəzi yerlərində müəyyən parçalarının çıxarılıb kənara qoyulmasını da hiss edir və “görəsən orada nə yazılmışdı” düşüncəsindən doğan təəssüfü də yaşayırsan.
Ön söz, 33 fəsil və nəticədən ibarət olan kitabın I, XI, XXI, XXIII, XXXII və XXXIII fəsilləri Azərbaycan Prezidentinin xalqa müraciətlərinin elmi təhlilinə aiddir. Prezidentin xalqa müraciəti ümumxalq mənafeyi ilə bağlı olan hallarda olur. Təhlükəsizliklə bağlı ciddi problemlər meydana çıxanda, müharibə, fövqəladə hallar, terror aktları, təbii fəlakətlər və ya milli böhranlar zamanı dövlət başçısı xalqa müraciət edir. Müraciətlin əsas məqsədi vəziyyət barədə ətraflı məlumat vermək, xalqı ruhlandırmaq, birlik və əmin-amanlıq mesajı vermək, əməliyyatların gedişatı və dövlətin addımları barədə ictimaiyyəti xəbərdar etməkdir.
Azərbaycan Prezidenti İlham Əliyev Vətən müharibəsi dövründə xalqa 6 dəfə müraciət etmişdir. Bu müraciətlər dövlətin mənafeyi ilə əlaqədar mühüm məsələləri, yaranmış vəziyyət haqqında məlumatları əhatə etmiş, milli birliyi, milli ruhu gücləndirmək üçün edilmişdir.
Məqaləyə seçdiyimiz ad da Azərbaycan Prezidentinin xalq müraciətlərindəki əsas ideyanın kitabdakı təhlili ilə tanışlıq prosesində yaddaşımda qəfil peyda oldu. Xalqın birliyi Vətən müharibəsində qələbənin ən vacib, deyərdim ki, vacib amillərindən biri olmuşdur.
Azərbaycan xalqının gücü və iradəsini, birləşib qalib gəlmək qüdrətini Ulu Öndər Heydər Əliyev qeyd etmişdi: “Biz faciəli bir dövrdə yaşayırıq. Lakin bu faciə, uğursuzluqlar Azərbaycan xalqının iradəsini qırmayıb. Xalqımızın gücü və iradəsi var və əmin ola bilərsiniz ki, xalq gücünü toplayacaq, birləşəcək, öz torpaqlarını qaytaracaq, işğal olunmuş torpaqlardan erməni silahlı qüvvələri qovulacaq və Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin ediləcəkdir. Biz nəyin bahasına olursa-olsun, bu məqsədə çatmalıyıq. Əmin olun ki, həyatımın son dəqiqəsinə qədər, son nəfəsimədək bu yoldan dönməyəcəyəm”. O bilirdi ki, gün gələcək bu xalq gücünü toplayıb birləşək, onun gücü qarşısı alınmaz selə çevriəcək və işğalçıları bu torpaqlardan süpürüb aparacaqdır. Çünki “El gücü, sel gücü”dür. Bu gücün selə çevrilməsi üçün zərbi kərən kəsəcək sözə bənd idi. Həmin sözü Ali Baş Komandan İlham Əliyev 44-ün birinci günündə demişdir: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq!”
Bu, haqq işi uğrunda birləşib mübarizə aparmağa çağırış idi. Çağırışa bütün Azərbaycan durdu, “Çal qılncını, ağam Qazan, yetdim!” -dedi.
“Suverenliyin zəfər yolu” kitabında bu məqam xüsusi vurğulanmışdır. “Azərbaycan Prezidenti, Ali Baş Komandan “nəyi nə vaxt edəcəyini yaxşı bilirdi”. Azərbaycan xalqı da ona inanırdı. İnanırdı ona görə ki, onun xalq üçün, Vətənin azadlığı üçün çalışdığını görürdü. Frenk Edkok bizim eradan əvvəl II əsrin axırlarında Marinin orduda həyata keçirdiyi islahatlardan sonra Roma ordusunda peşəkarlıqdan söhbət açarkən qeyd edirdi ki, “Həmin vaxt əsgərlərin sadiqliyini möhkəmləndirən əlavə amil onlarla sərkərdələr arasında maraqların ümumiliyi idi”. Azərbaycanda iqtidarla xalqın, xalqla ordunun, dövlətlə ordunun maraqlarının ümumiliyi döyüş meydanında uğurların əsasını təşkil edirdi” (İbayev 2025, s.163).
Azərbaycan əsgər və zabitinin mübarizlik ruhunu artıran amillərdən biri də onların öz torpaqlarının azadlığı uğrunda döyüşə girməsi idi. Əsgər və zabitlərimiz ana torpaqdan güc alırdılar. Bu torpaq onların doğma torpaqları idi. Kitabda bu məsələyə geniş yer verilmişdir. Müəllif göstərir ki, “Azərbaycan Ordusunun mənəvi-psixoloji keyfiyyətləri və mənəvi ruhunun yüksək olmasını qeyd edən Ali Baş Komandan bunu Azərbaycan Ordusunun öz torpağının azadlığı uğrunda vuruşması, erməni silahlı qüvvələrinin isə işğalçılıq müharibəsi aparmaları ilə əlaqələndirirdi. Döyüş əməliyyatları aparılan torpaqlar ermənilərə məxsus olmadığına görə erməni əsgərləri onları tərk edib qaçır, Azərbaycan əsgəri isə onu azad etməyə, Vətənə qovuşmağa can atırdı. Bu amil döyüşlərin taleyinin həllində əsas göstərici kimi dəyərləndirilməlidir. Ordunun, əsgərin Vətəndən kənarda hər hansı məqsədlə döyüşlərdə iştirak etməsi ilə Vətən torpaqlarını azad etmək, onu qorumaq üçün döyüşlərdə iştirakı arasında mənəvi-psixoloji baxımdan böyük fərq vardır. Bir qayda olaraq, Vətənin müdafiəsi və azadlığı uğrunda aparılan mübarizədə əsgər daha qətiyyətlə çıxış edir, vuruşur, geri çəkilməni özü üçün yolverilməz hesab edir. Doğma torpaq əsgərə dayaq çıxmaqla ona mənəvi ruh verir, onun mübarizliyini artırır. Azad edilmiş Azərbaycan ərazilərində Azərbaycan bayrağının dalğalanması, informasiya vasitələrində Azərbaycan Ordusunun dəqiqliklə Ermənistana məxsus texnikanı məhv etməsinin nümayiş etdirilməsi Azərbaycan xalqında böyük ruh yüksəkliyi yaradır, hər kəs ordusuna, Vətən oğullarının nümayiş etdirdiyi qəhrəmanlıqlara görə fəxr edir, qürur hissi keçirirdi”. Deyirlər ömrün elə anları, elə günləri olur ki, o anlardakı, o günlərdəki yaşantılar insanın yaddaşına əbədi həkk olunur, insan öz ömründəki bu cür yaşam hissləri ilə həmişə sevinir, daim öyünür. Mən 44 günlük Vətən müharibəsinin hər günündə qəddimin, qamətimin bir az dikəlməsinə, xalqımın anbaan ucalmasına görə, özümü xalqıma, orduma, onun bizi qələbələrə aparan sərkədəsinə borclu bilirəm. Ali Baş Komandan xalqını, bütövlükdə Azərbaycanı, Azərbaycanın hər bir vəzəndaşını ucaltdı, bütün dünyada məğrur duruşumuzu gerçəkləşdirdi.
V.İbayevin kitabında Azərbaycan Prezidentinin 44 günlük müharibə dövründə verdiyi bütün müsahibələri fərqli aspektlərdən geniş təhlil edilmişdir. Həmin aspektlərdən biri də böyük xalq olmağımız, lazımi anda birlik nümayiş etdirməmizdir. Tədqiqatda cənab İlham Əliyevin müsahibələrindən birində dediyi fikir verilir və onun ətrafında təhlil aparılır. Dövlət başçımıa həmin müsahibəsində demişdir: “Azərbaycan xalqının fədakarlığı bir daha onu göstərir ki, biz böyük xalqıq, biz birlik nümayiş etdirmişik və bu birlik bizi daha da gücləndirəcək, ölkəmizi daha da qüdrətli ölkəyə çevirəcəkdir”. Monoqrafiyada müəllif bu sitatdan sonra Ulu Öndər Heydər Əliyevin hələ 1993-cü ildə xalqın çağırışı ilə hakimiyyətə qayıdışından dərhal sonra xalqın birliyinə nail olmaq uğrunda səylərinə nəzər salmış, göstərmişdir ki, ümummilli liderimiz əmin idi ki, hər şey Azərbaycan xalqının birliyindən asılıdır. “ İlham Əliyev bu həqiqəti reallıqda sübut etdi. O, Azərbaycan xalqının birliyinə, xalq ilə iqtidarın birliyinə, xalq ilə ordunun birliyinə nail olmaqla ona həvalə olunmuş, vəsiyyət olunmuş vəzifələri yerinə yetirirdi. Birlik həmişə qələbənin əsasını təşkil edib. “Kitabi-Dədə Qorqud”da göstərilir ki, yaman gündə dağın başında od qalayıb oğuz igidlərini düşmənlə mübarizə üçün birliyə çağırırdılar. Bu fikri V. Yan “Çingizxan” romanında da Cəlaləddinin dilindən səsləndirir: “Mən Xarəzm şahlığını tatarlar işğal etdiyi bir vaxtda hökmranlığını əlimə alıram. Mən ancaq adı qalmış qoşunlara başçılıq etməyə başlayıram. Bu qoşunlar tufanın qovduğu yarpaqlar kimi ətrafa səpələnmişdir. Lakin müsəlman ölkələrinin üstünü alan bu qaranlıq gecədə mən dağların təpəsində döyüşə çağıran tonqallar qalayacağam və igidləri bir yerə toplayacağam”. Çingizxan oğlanlarına son vəsiyyətində deyirdi: “Həmişə öz düşmənlərinizi məhv edin və dostlarınızı mükafatlandırın, bunun üçün siz həmişə bir fikirdə olmalısınız və bir adam kimi hərəkət etməlisiniz. Onda yaşayışınız asan və xoş olacaq, səltənətinizdən zövq alacaqsınız”.
Azərbaycan xalqı tarixən öz hümanizmi ilə seçilmiş bir xalqdır. Bu xalqı təmsil edənlər bir-biri ilə doğma və yaxındırlar. Eyni zamanda onlar başqalarına, başqa xalqlara düşmən gözü ilə baxmır, hammını dostluğa, yaxınlığa çağırırlar. Hümanizmdə insan və insani dəyərlər əsasdır. Hümanizmin əsas prinsiplərindən biri insan haklarına sayğı və hörmətlə yanaşmaqdır. Eyni zamanda, Azərbaycan xalqı öz müstəqilliyini, özgürlüyünü, suverenliyini də daim qorumuş bir xalqdır. Bu xalq suverenliyinə, müstəqilliyinə yönəlmiş hər hansı xain hərəkətə həmişə cavab vermişdir. Lakin müstəqilliyimiz uğrunda aparılmış mübarizədə həmişə çətinliklərlə üzləşmişik. Müasir dünyada bəzi dövlətlərin siyasətindəki ikili standartlar çox zaman bizim əleyhimizə işləmişdir. Haqlı olduğumuzu bilə-bilə bizə qara yaxmışlar. Bu baxımdan həqiqətin beynəlxalq miqyasda təsdiqi, qeydə alınması Azərbaycan üçün çox əhəmiyyətli olmuşdur. Azərbaycan bütün maneələrə, ikili standartlara baxmayaraq beynəlxalq səviyyədə sözünü deməli idi. Monoqrafida ölkəmizin bu istiqamətdə apardığı işlər də ifadəsini tapmışdır. Müəllif yazır: “Xalqın gücü qarşısında heç bir qüvvə davam gətirə bilməz. “Xalq bir olsa dağ oynadar yerindən” – deyib ata-babalar. İlham Əliyevin xalqın birliyinə nail olması onun qələbələrinin “dağları yerindən oynatması”nın əsasını təşkil edirdi. İlham Əliyev qələbənin növbəti amilini beynəlxalq səviyyədə qazanılmış uğurlarda görürdü: “Qələbəmizin üçüncü əsas amili beynəlxalq səviyyədəki uğurlarımızdır. Biz bütün dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır... Biz sübut etdik ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır və bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Dünyanın bütün aparıcı təşkilatları, bütün beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edibdir... Əgər biz bunu etməsəydik, bu gün münaqişənin ətrafında cərəyan edən proseslər bizə böyük problemlər yarada bilərdi. Biz bu illər ərzində bir çox ölkələrlə səmimi, işgüzar, qarşılıqlı hörmət əsasında münasibətlər qura bildik, bir çox ölkələr Azərbaycanı strateji tərəfdaş hesab edir və artıq bu ifadə beynəlxalq sənədlərdə öz əksini tapır. Biz bütün qonşu ölkələrlə səmimi dostluq əsasında münasibətlər qura bildik, qarşılıqlı hörmət, qarşılıqlı inam əsasında. Əgər biz bunu etməsəydik, bu gün münaqişə ətrafında tam başqa proseslər gedə bilərdi”.
Başqa proseslər həmişə getmiş və 44 günlük müharibə dövründə də davam etmişdir. Biz indi tam aydın şəkildə başa düşürük ki, Ulu Öndərin və onun sədaqətli davamçısının Azərbaycanın beynəlxalq səviyyədəki mövqeyini möhkəmləndirmək üçün gördükləri işlərin, əldə etdikləri nəticələrin əvəzolunmaz dəyərə malik olmuşdur. Bu baxımdan monoqrafiyada hüquqi əsaslar kimi təqdim olunan, elmi mənbələr, beynəlxalq sənədlər əsasında izah edilən məsələlər müasir tariximizin ayrılmaz tərkib hissəsi sayılmalıdır.
Azərbaycan Prezidentinin bütün sahələrdə, o cümlədən beynəlxalq münasibətlər sahəsindəki uzaqgörən siyasəti haqq işimizin qələbəsində özünəməxsus rol oynamışdır. Cənab İlham Əliyevin gələcəkdə baş qaldıra biləcək etirazların qarşısını almaq üçün qabaqcadan ciddi tədbirlər görməsini dünyanın məşhur siyasətçiləri indi etiraf edirlər.
Monoqrafiyada təhlükəni vaxtında görmək və onun qarşısını almaq üçün vaxtında tədbir görməyin əsl siyasətçiyə məxsus keyfiyyət olması haqqında Aristotelin, Plutarxın, N.Makiavellinin fikirlərindən bəhs edilir. “Aristotel yazırdı: “Bəlanın əmələ gəlməsini əvvəlcədən duymağı bacarmaq hər yoldan keçənin deyil, təcrübəli dövlət xadiminin işidir”616. Plutarxı xatırlayaq: “Heç bir işdə başlanğıcı əhəmiyyətsiz hesab etmək olmaz. Rüşeym halında olan da qarşısı alınmayan biganəlikdə maneəsiz inkişaf üçün şərait taparaq böyüyür”. N.Makiavelliyə görə, “...əgər yaranmaqda olan nasazlıq vaxtında aşkar edilərsə, hansı ki, bunu yalnız ağıllı hökmdarlar edə bilər, ondan qurtarmaq asandır, əgər xəstəliyin vaxtı keçib və o hamıya bəllidirsə, ona daha heç bir əlac olmayacaq.”
İlham Əliyev bu məsələdə bir qədər də irəliyə getmişdi, o, nəinki baş verən hadisələri vaxtında görmək, həmçinin gələcəkdə baş verəcək hadisələri görmək və onların mənfi nəticələrinin qarşısını almağa tədbir hazırlamaq iqtidarında idi. İlham Əliyev müxtəlif beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıması, işğalçı qoşunların Azərbaycan ərazilərindən çıxarılmasının zəruriliyi barədə beynəlxalq təşkilatlarda qətnamələrin qəbul olunmasına nail olmaqla, gələcək üçün hazırlıq görmüşdü. Azərbaycan BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə əsasən güc tətbiq etməklə torpaqlarını azad etdikdə o, inamla həmin sənədlərə istinad edə bilirdi. Bu cür keyfiyyətlərə malik olmaq görünür ki, müasir dövrün əsl siyasətçilərinə xas xüsusiyyətdir”.
44 günlük Vətən müharibəsi artıq tarixə yazılmış, Azərbaycanın və dünya tarixinin bir hissəsi olmuşdur. Azərbaycanın apardığı müharibə dünya hərbində də özünəməxsusluğu ilə seçilmiş, hərb sənətinin irəli getməsinə səbəb olmuşdur. Bu müharibənin çox aspektlərindən danışmaq olar. Vəfaddin İbayevin “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabı Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək üçün çoxşaxəli hazırlaşıb apardığı və qalib gəldiyi müharibənin gələcəkdə müxtəlif istiqamətlərdən tədqiq edilməsi üçün metodologiyanı ortaya qoya bilmişdir. Hesab edirəm ki, bu əsər müasir tariximizin tam yazılması yolunda ən dəyərli mənbələrdən biridir.
Dilqəm QULİYEV
Azərbaycan Prezidentinin Fərdi təqaüdçüsü,
pedaqogika üzrə elmlər doktoru, professor
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














