
Gündəm / İqtisadiyyat / Sosial / Dünya
10.10.2026, 11:49
"DƏYƏR VERDİYİN İŞLƏRƏ DƏSTƏK OLMAQ": Nobel mükafatı laureatları pullarını nəyə xərcləyirlər?

Hər il oktyabrın əvvəlində Nobel Komitəsi fizika, kimya, fiziologiya və tibb, ədəbiyyat və sülhün möhkəmləndirilməsi sahələrində mühüm nailiyyətlərə görə dünyanın ən nüfuzlu beynəlxalq mükafatlarını təqdim edir.
Mükafatların elan olunması iqtisadiyyat üzrə Nobel mükafatı ilə başa çatır. Bu, Nobel mükafatları arasında ən gəncidir. Mükafat 1968-ci ildə İsveçin Mərkəzi Bankı — Riksbank tərəfindən Alfred Nobelin xatirəsinə təsis edilib.
2026-cı ildə iqtisadiyyat üzrə Nobel mükafatının laureatlarının adları oktyabrın 12-də açıqlanacaq.
Nobel mükafatının pul məbləği təxminən 1,2 milyon dollardır. Bir çox laureat bu vəsaitin ən azı bir hissəsini elmi araşdırmalara, təhsilə və xeyriyyə işlərinə yönəldir. Maraqlıdır, qaliblər bu pulu hara xərcləyirlər?
1999-cu ildə iqtisadiyyat üzrə Nobel mükafatı qazanan Robert Mundell mükafatın pulunu İtaliyanın Siena şəhəri yaxınlığında XVI əsrə aid, yarıuçuq bir sarayın bərpasına xərclədi. Sonralar bu saray iqtisadçıların və maliyyə mütəxəssislərinin elmi konfranslar keçirdiyi məşhur məkana çevrildi.
2023-cu ildə iqtisadiyyat üzrə Nobel mükafatı qazanan Klaudiya Qoldin qadınların iqtisadiyyatda rolunu araşdıran alim kimi tanınır. O, mükafat pulunu Harvard Universitetində iqtisadi tarix üzrə araşdırmaların maliyyələşdirilməsinə bağışlayıb. Həmçinin Qadınlar Milli Basketbol Assosiasiyasının həmkarlar ittifaqına ödənişsiz məsləhət verərək idmançıların maaşlarının beş dəfə artırılmasına kömək edib.
Fizik Dadli Herşbax (1986) mükafatının bir hissəsini klassik musiqini dəstəkləyən fondlara verib. Digər hissəsi ilə Harvard Universitetinin tanınmış astronomu Sesiliya Peyn-Qapoşkinin portretini sifariş edib və universitetə hədiyyə edib. Peyn-Qapoşki təxminən 100 il əvvəl ulduzların nədən ibarət olduğunu ilk müəyyən edən alimlərdən biri olub.
İqtisadçı Amartya Sen (1998) Nobel mükafatının vəsaiti ilə Hindistanda xeyriyyə təşkilatı yaradıb. Pratichi Trust adlanan bu təşkilat yoxsul ailələrdən olan uşaqlara təhsil və tibbi yardım göstərir. Sen deyib ki, mükafat ona ürəyinə yaxın olan işlərə daha çox vəsait ayırmaq imkanı verib.
İqtisadçı Erik Maskin (2007) mükafatının böyük hissəsini Pensilvaniyada əlilliyi olan uşaqlar üçün fəaliyyət göstərən məktəbə bağışlayıb. Onun oğlu da erkən yaşlarında ağır baş-beyin travması keçirdikdən sonra həmin məktəbdə təhsil alıb. Maskin bu addımla ailəsinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Neyrobioloq Pol Qrinqard 2000-ci ildə tibb üzrə Nobel mükafatı qazanıb. O, mükafat pulunu anasının adını daşıyan elmi mükafatın yaradılmasına yönəldib. Qrinqard doğularkən anası vəfat etmişdi. Hazırda bu mükafat biotibb sahəsində çalışan qadın alimlərə verilir.
İqtisadçı Elinor Ostrom 2009-cu ildə iqtisadiyyat üzrə Nobel mükafatını qazanan ilk qadın olub. O, mükafat pulunu həyat yoldaşı ilə birlikdə yaratdığı, İndiana Universitetində fəaliyyət göstərən Siyasi Nəzəriyyə və Siyasət Təhlili Mərkəzinin inkişafına sərf edib. Ostrom burada öz elmi ideyalarını inkişaf etdirib, gənc alimlər yetişdirib.
2019-cu ildə iqtisadiyyat üzrə Nobel mükafatı qazanan digər qadın alim Ester Düflo isə həmkarları Abhicit Banerci və Maykl Kremerlə birlikdə mükafat pullarını Harvard Universitetində inkişaf iqtisadiyyatı üzrə araşdırmaları dəstəkləyən fonda yönəldib.
🔴Bununla belə, bütün laureatlar pullarını elmi və xeyriyyə işlərinə xərcləmirlər. Bəziləri özlərini və yaxınlarını sevindirməyə üstünlük verirlər.
İqtisadçı Robert Enql 2003-cü ildə qazandığı Nobel mükafatı ilə Nyu-York ştatındakı Hadson vadisində bağ evi alıb. O, bu sakit məkanda düşünmək və yaradıcılıqla məşğul olmaq istəyib.
Biokimyaçı Pol Nörs isə 2001-ci ildə qazandığı Nobel mükafatının puluna bahalı motosiklet alıb.
Tibb üzrə Nobel mükafatı laureatı (2019) Uilyam Kelinin seçimi isə fərqli olub. O, mükafat pulunun xeyli hissəsini iki təntənəli şam yeməyinə sərf edib. Birini ailəsi və dostları, digərini isə tələbələri və həmkarları üçün təşkil edib. Onun sözlərinə görə, bu, həmin uğurun əldə olunmasına töhfə verən insanlara təşəkkür etmək üsulu idi.
Bu nümunələr göstərir ki, Nobel mükafatı laureatları üçün pulun dəyəri təkcə şəxsi rifahla ölçülmür. Bəziləri elmi inkişaf etdirməyə, bəziləri uşaqların gələcəyinə, digərləri isə həyatlarında iz qoymuş insanlara təşəkkür etməyə üstünlük verir. Əsas məsələ isə qazandıqları imkanlardan özləri üçün həqiqətən dəyərli olan işlər naminə istifadə etməkdir.
Tahir Mirkişili
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












