
Gündəm / Sosial / Səhiyyə
19.10.2026, 20:11
Deputat: TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi vahid strateji idarəetməni gücləndirəcək

TƏBİB-in yaradılması Azərbaycanda icbari tibbi sığortaya keçid prosesinin mühüm institusional addımlarından biri idi. Həmin dövrdə dövlət tibb müəssisələrinin yeni maliyyələşmə sisteminə uyğunlaşdırılması, xəstəxanalarda müasir menecment prinsiplərinin tətbiqi və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün çevik idarəetmə mexanizminə ehtiyac var idi. Bu baxımdan, TƏBİB-in yaradılması keçid mərhələsinin tələblərinə cavab verən məqsədyönlü addım kimi qiymətləndirilə bilər.
Millixeber.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
O qeyd edib ki, bu gün TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi isə səhiyyə sistemində idarəetmənin növbəti mərhələyə keçidini ifadə edir. Əgər əvvəlki mərhələdə əsas məqsəd dövlət tibb müəssisələrini icbari tibbi sığorta modelinə uyğunlaşdırmaq idisə, hazırkı mərhələnin başlıca hədəfi səhiyyə sistemində vahid strateji idarəetməni və koordinasiyanı gücləndirməkdir.
“Bu dəyişiklik yalnız inzibati strukturun yenilənməsi deyil, səhiyyə siyasətinin hazırlanması və icrası, tibbi xidmətlərin keyfiyyətinə nəzarət, maliyyə resurslarından səmərəli istifadə və kadr siyasəti arasında daha sıx əlaqənin qurulması baxımından əhəmiyyətlidir. Vahid yanaşma təkrarlanan funksiyaların azaldılmasına, məsuliyyət və hesabatlılığın gücləndirilməsinə, qərarların daha səmərəli qəbuluna şərait yarada bilər”, - deyə Müşfiq Məmmədli bildirib.
Onun sözlərinə görə, islahatların əsas məqsədi idarəetmə mexanizmlərini təkmilləşdirməklə yanaşı, tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını artırmaq, rəqəmsal inteqrasiyanı gücləndirmək, tibbi təhsili səhiyyə sisteminin real ehtiyaclarına uyğunlaşdırmaqdır. Burada əsas meyar inzibati dəyişikliklərin özü deyil, onların vətəndaşların sağlamlığına və tibbi xidmətlərdən məmnunluğuna verdiyi töhfə olmalıdır. Eyni zamanda, mərkəzləşdirilmiş idarəetmənin səmərəliliyi səlahiyyət bölgüsünün düzgün qurulmasından, tibb müəssisələrinin operativ qərarvermə imkanlarının qorunmasından və nəticələrə əsaslanan hesabatlılıq mexanizmlərinin tətbiqindən asılıdır.
Milli Məclisin deputatı vurğulayıb ki, vahid strateji idarəetmə modelinə keçid səhiyyə islahatlarının bir-birini tamamlayan mərhələləri kimi dəyərləndirilə bilər. Yeni mərhələnin əsas vəzifəsi daha koordinasiyalı, maliyyə baxımından dayanıqlı, keyfiyyətə əsaslanan və vətəndaş yönümlü səhiyyə sisteminin formalaşdırılmasıdır. İslahatların real uğuru isə hər bir vətəndaşın keyfiyyətli tibbi xidmətə çıxışında və əhalinin sağlamlıq göstəricilərində əldə olunan nəticələrlə ölçüləcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay















