
Bakı Zirvə Görüşü Azərbaycanın beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi

Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünə ev sahibliyi etdi. Ölkəmizin son iki ildə təşkilata sədrliyi müddətində gördüyü işlər Zirvə Görüşündə geniş təhlil edildi. Azərbaycanın sədrliyinin əsas xüsusiyyəti institusional inkişafla praktiki əməkdaşlığın paralel şəkildə təşviq edilməsidir. Bir tərəfdən, təşkilatın idarəetmə və fəaliyyət mexanizmlərinin möhkəmləndirilməsi istiqamətində addımlar atılıb, digər tərəfdən, qadınların və gənclərin imkanlarının genişləndirilməsi, təhsil, maliyyə, biznes, nəqliyyat, media və elmi əməkdaşlıq kimi sahələrdə yeni təşəbbüslər irəli sürülüb. Bu, AQEM-in fəaliyyət dairəsinin genişlənməsinə, üzv dövlətlərin təşkilatla qarşılıqlı əlaqələrinin intensivləşməsinə və əməkdaşlığın konkret sahələr üzrə dərinləşməsinə xidmət edir. Bu müddətdə Azərbaycanın irəli sürdüyü təşəbbüslərə, gördüyü işlərə üzv dövlətlərin verdiyi yüksək qiymət sədrlik müddətinin iki il uzaldılması ilə bağlı qəbul edilən qərarda özünün aydın ifadəsini tapdı.
Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın AQEM-də sədrliyinin daha iki il müddətinə uzadılması təklifinə dəstək verdiklərinə görə bütün üzv dövlətlərə təşəkkürünü bildirdi. Cənab İlham Əliyev vurğuladı ki, Azərbaycan AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırmış və nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq etmişdir. Bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilmiş müxtəlif təşəbbüslərimiz nəticəsində hazırda AQEM institusional və hüquqi baxımdan daha güclüdür. Üzvlərinin sayı genişlənmişdir və öz coğrafi məkanında təhlükəsizliyin, iqtisadi rifahın və qarşılıqlı anlayışın təşviqi naminə dialoqu və qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün imkanları əhəmiyyətli dərəcədə möhkəmlənmişdir.
Digər beynəlxalq əhəmiyyətli tədbirlər kimi, Bakı Zirvə Görüşü də Azərbaycan reallıqlarının təqdimatında əhəmiyyətli rol oynadı. Belə ki, cənab İlham Əliyev ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığının öz növbəsində regionumuzda təhlükəsizlik sisteminin möhkəmləndirməsində mühüm rolunu qeyd edərək onu da vurğuladı ki, Azərbaycan davamlı olaraq bərabərhüquqluluq, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət həyata keçirir. Ölkəmiz dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir: “Ölkəmiz 35 il əvvəl müstəqilliyini bərpa etdikdən bəri davamlı şəkildə ikili standartlarla üzləşmişdir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi 30 il ərzində Ermənistan tərəfindən işğal olunmuşdur. Ermənistan bir milyon azərbaycanlını həm Qarabağ və Şərqi Zəngəzurdakı, həm də indiki Ermənistan ərazisindəki öz əzəli tarixi torpaqlardan qovub etnik təmizləmə həyata keçirərək, Azərbaycana qarşı hərbi təcavüz etmişdir. BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmiş, lakin onlar 30 il ərzində kağız üzərində qalmışdır. Məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyırdı”.
Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi Zəfərindən, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyinin tam bərpa edilməsindən bəhs edən cənab İlham Əliyev bildirdi ki, işğalın, eləcə də Azərbaycan xalqının tarixi Qələbəsinin mahiyyətini və xarakterini tam anlamaq üçün qonaqlarımız Zəfər parkını, Zəfər muzeyini və Hərbi Qənimətlər Parkını ziyarət edə bilərlər.
Prezident İlham Əliyev bu reallığı bir daha əsaslı şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, əgər işğal, soyqırımı və etnik təmizləməyə görə Ermənistana vaxtında sanksiyalar tətbiq edilsəydi, Azərbaycan döyüş meydanında erməni faşizminin belini qırmağa məcbur qalmazdı. Təcavüzkarın cəzasız qalması onun həyasızlığının miqyasını yalnız daha da artırırdı. Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər. Amma onların hamısı yanıldı, yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimizlə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar. Biz müharibədə qalib gəldik, işğalçıları torpaqlarımızdan qovduq. Lakin 30 illik əzablar, soyqırımı, şəhər və kəndlərimizin dağıdılmasına görə onlardan qisas almadıq. Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik. Burada da xalqımızın mənəvi keyfiyyətləri bir daha özünü büruzə verdi. Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik. Biz sülh təklif etdik və bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır.
Bakı Zirvə Görüşü Bakı Bəyannaməsinin qəbulu ilə tarixə yazıldı. Sənəddə beynəlxalq nizamın təşviqi, hərbi-siyasi, iqtisadi və ekoloji sahələrdə mövcud risklərə qarşı mübarizə yolları ilə bağlı müddəalar yer alır. Bəyannamədə dözümlülüyün və sivilizasiyalararası dialoqun təşviqi, təhlükəsizlik və rifah naminə elm, təhsil və innovasiyalardan istifadənin genişləndirilməsi də diqqət mərkəzindədir. Süni intellektin inkişafı nəticəsində yaranan imkanlar və risklər, üzv dövlətlər arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi, nəqliyyat, enerji və rəqəmsal bağlantıların gücləndirilməsi, həmçinin enerji təhlükəsizliyinin təmin olunması məsələləri də sənəddə əksini tapır.
Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay















