
Gündəm / Siyasət
31.03.2026, 10:14
Azərbaycan tarixinin hər bir səhifəsi hadisələrlə zəngindir

Azərbaycan Cənubi Qafqazın və Ön Asiyanın ən qədim tarixə və zəngin mədəniyyətə malik bir ölkəsidir. Bu zəngin tarix iki milyon ildən çox bir dövrü əhatə edir və bəşər tarixinin bütün mərhələləri Azərbaycan torpağında öz silinməz izini qoymuşdur. Qədim Azərbaycan tarixinin hər bir səhifəsi hadisələrlə zəngindir.
Bu qədim və zəngin tarix isə ümumiləşdirilmiş şəkildə tarixçi alimlər tərəfindən Azərbaycan xalqına yalnız XX əsrin ikinci yarısında və XXI əsrin başlanğıcında çatdırılıb. Onu da qeyd etmək lazımdır ki, bu zəngin tarixin həm də qanlı səhifələri vardır. Məlumdur ki, Azərbaycan öz geosiyasi vəziyyətinə görə bütün dövrlərdə nəhəng imperiyaların maraq dairəsinə düşüb, əraziləri işğal edilib, müəyyən mərhələdə öz dövlətçiliyindən məhrum olub, əhalisi isə dəfələrlə deportasiyaya, etnik təmizləmələrə və soyqırıma məruz qalıb. Bütün bəşəriyyət üçün ən ağır cinayət sayılan bu proseslər Azərbaycan xalqına qarşı XVIII-XX əsrlərdə çar Rusiyası, onun varisi olan SSRİ dövləti və onların hər ikisinin əlində alət olan ermənilər, 1918-ci ildən isə Qərbi Azərbaycan torpaqlarında yaradılan Ermənistan dövləti tərəfindən həyata keçirilib.
XVIII əsrin I yarısında çar Rusiyasını imperiyaya çevirən I Pyotrun xarici siyasətində ən mühüm istiqamətlərdən biri Türkiyə və Qafqazı ələ keçirmək idi. Bunu həyata keçirmək üçün Rusiya imperiyasına bu ərazilərdə, həm keçmiş, həm də müasir Rusiya hakim dairələri nümayəndələrinin dedikləri kimi, hərbi-siyasi qüvvə-forpost lazım idi. Bu rolu isə Türkiyə və Qafqazın xristian əhalisi oynaya bilərdi. Lakin qeyd etmək lazımdır ki, hələ XVIII əsrdə İran və Osmanlı Türkiyəsi ərazilərində yaşayan və Cənubi Qafqaza heç bir aidiyyatları olmayan ermənilər öz "zülmkarlarından” azad olmaq üçün Qərbi Avropaya ümid bəsləyirdilər. Bu məqsədlə 1678-ci ildə Azərbaycan Səfəvilər dövlətinin üçüncü paytaxtı olan İsfahan şəhəri yaxınlığında I Şah Abbas tərəfindən ermənilər üçün salınmış Culfa şəhərində katalikos Akopun sədrliyi ilə erməni Qriqoryan kilsəsinin və tacirlərinin xüsusi müşavirəsi keçirilir və yeddi nəfərlik nümayəndə heyəti Avropaya göndərilir. Avropada heç bir nəticə əldə edə bilməyən ermənilər Avstriya imperatorunun məsləhəti ilə Rusiya çarı I Pyotra müraciət edirlər və bu müraciət onun tərəfindən böyük razılıqla qarşılanır. Avstriya monarxı I Pyotra yazdığı məktubunda ermənilərin əsas məqsədini belə izah edir: "Ermənilər mənim yanıma Beros nəslindən olan Uri adlı bir məlikzadəni və vartapet Minası göndərmişlər. Onların əsas məqsədi Ermənistanı İran zülmündən azad etməkdir...,” Belə bir fürsəti çoxdan gözləyən I Pyotr Qafqazın işğalı üçün hərbi-strateji planların hazırlanmasına 21 il vaxt sərf etdi. Bu hazırlanan planların əsas mahiyyətini Cənubi Qafqazın böyük hissəsini və İranın şimalını əhatə edən bütöv Azərbaycanı ələ keçirmək, buraya Türkiyə və İrandan erməniləri köçürmək, Rusiya imperiyasının Ön Asiya, Yaxın Şərq ölkələrinə və Hind okeanına çıxışını maneəsiz təmin edə biləcək qondarma bir erməni dövlətinin - forpostun yaradılması təşkil edirdi. Məlumdur ki, o zaman bu planların həyata keçirilməsinə I Pyotrun ölümü mane olsa da, onun 1724-cü ilin oktyabrında gələcəkdə işğal ediləcək ərazilərə ermənilərin köçürülməsi ilə bağlı verdiyi fərman mühüm rol oynadı. Məhz bu dövrdən azərbaycanlı əhaliyə qarşı deportasiya, etnik təmizləmə və soyqırımı siyasətinin əsası qoyuldu.
Dünya mədəniyyətini yaradan xalqlardan biri olan azərbaycanlılara qarşı tətbiq edilibmiş və onu törədənlərə qarşı belə bir ağır ittihamı irəli sürməyə həm tarixi, həm də hüquqi əsas varmı? Azərbaycanın XVIII-XX əsrlər tarixinə nəzər saldıqda azərbaycanlılara qarşı törədilmiş cinayətlərin ağırlığı və miqyası bu ittihamın, ilk növbədə, beynəlxalq hüquq normaları baxımından əsaslı olduğuna heç bir şübhə qalmır. İlk növbədə, bu fikri qeyd etmək lazımdır ki, Çar Rusiyasının və Sovet Rusiyasının Azərbaycana müvafiq olaraq 1722-1723, 1796-1797, 1801-1803, 1804-1813, 1826-1828, 1920, 1990-cı illərdə etdikləri hərbi təcavüzlər xalqımızın iki yerə parçalanmasına, deportasiya və soyqırımına məruz qalmasına və nəticə etibarilə, öz tarixi və etnik torpaqlarını itirməsinə səbəb olub.
Rus alimi F.Semyonovun "Orta əsrlər tarixi” əsərində qeyd edildiyi kimi, XI-XIII əsrlərdə Roma papalarının çağırışı ilə türklərə qarşı təşkil edilən xaç yürüşlərinin əsas bələdçiləri yenə də ermənilər olub. Uzun müddət Səfəvi və Osmanlı imperiyaları kimi qüvvətli dövlətlərin təəbələri sayılan bu bədnam kütlə xəyanət üçün fürsət axtarırdı.
Ermənilərin azərbaycanlılara qarşı soyqırımı faciələri dedikdə, hər kəsə yaxşı bəlli olan tarixi ardıcıllıq yada düşür: 1905-1907, 1915-1918-1920, 1948-1953, 1988-ci ildən bu günə qədər olan dövr. 1988-1994-cü illərdə Xocalıda və başqa yerlərdə Ermənistan dövləti tərəfindən həyata keçirilən qırğınları da soyqırımı adlandırmaq olar. İndi diqqət yetirək: tarixdən məlum olan hansı soyqırımı hadisəsində belə bir uzun tarixi dövrə rast gəlinir? Demək olar ki, heç birində. Buradan aydın olur ki, zaman, şərait, siyasi mühit dəyişmiş, lakin ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti dəyişməyib.
Lakin XX əsrin sonunda Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra və xalqımız öz taleyini, torpaqlarının və milli sərvətlərinin sahibinə çevrildikdən, xüsusilə də ümumilli lider Heydər Əliyevin bu həlledici tarixi mərhələdə milli dövlətçiliyə rəhbərlik etməyə başlamasından sonra azərbaycanlılara qarşı törədilmiş cinayətlərin üstünü açmaq, onlara siyasi və hüquqi qiymət vermək mümkün oldu. 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri, 1997-ci il 18 dekabr tarixli "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında” və digər sənədlər əsasında 1998-ci il martın 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən "Azərbaycanlıların soyqırımı haqqında” fərman verilib. Bu fərman həm hüquqi, həm də siyasi cəhətdən əsas bir sənəd olaraq azərbaycanlılara qarşı törədilən cinayətlərin aşkara çıxarılması və onları törədənlərinı beynəlxalq hüquq baxımından mühakimə olunması üçün zəmin yaradıb.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin imzaladığı fərman bir neçə mühüm vəzifəni həll etmək üçün ciddi sənəddir. Birinci, bu sənəd tariximizə düzgün və obyektiv qiymət verilməsi baxımından böyük əhəmiyyət kəsb edir. İkincisi, həmin fərman azərbaycanlıların soyqırımı məsələsini dünya siyasəti səviyyəsinə çıxarır və dünyanın bütün mütərəqqi qüvvələrini, xalqımızın dostlarını əsl həqiqətlərlə tanış edir, dünya azərbaycanlılarının bu məsələ ilə bağlı mövqe və baxışlarını konkretləşdirir. Üçüncüsü, bu fərman ermənilərin "erməni soyqırımı” məsələsi üzərində qurulmuş təbliğatının effektini azaldır, onların təbliğatını neytrallaşdırır.
Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırım və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənəddə 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması təsbitlənmişdir. Ötən dövr ərzində Azərbaycan dövləti tarixi gerçəklikləri, xalqımızın iki əsr boyu məruz qaldığı soyqırım və etnik təmizlənmənin dəhşətli miqyasını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün xeyli iş görüb.
Şübhəsiz, görülən işlərlə arxayınlaşmaq olmaz. Bədnam qonşularımızın saxta "erməni soyqırımı” iddialarının cəfəngiyyat olduğunu sübuta yetirmək üçün sistemli və ardıcıl surətdə iş aparılmalıdır. Tarix boyu xalqımızın başına hansı faciələrin gətirildiyini, çəkdiyimiz müsibətlərin gerçək miqyasını və mahiyyətini, ilk növbədə, özümüz dərindən dərk etməliyik. Bunun üçünsə, həmin tarixi təkcə 31 mart günü deyil, hər gün xatırlamağa, öyrənməyə və unutmamağa borcluyuq.
Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində verildi. 200 ildən çoxdur ermənilərin “böyük Ermənistan” xülyası çərçivəsində törətdikləri vəhşiliklərin qısasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.
Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Sevil Hacıyeva,
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay








