
Gündəm / Siyasət / İqtisadiyyat / Hadisə
31.08.2026, 12:36
Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

İran ətrafındakı müharibənin enerji bazarlarında yaratdığı əlavə xərc artıq 330 milyard dollara çatıb.
İran ətrafında baş verən hərbi eskalasiyanın iqtisadi nəticələrini göstərən ən maraqlı rəqəmlərdən biri enerji idxalına çəkilən əlavə xərclərdir. Son altı ay ərzində dünya üzrə yanacaq idxalçıları dəniz yolu ilə alınan xam neft, neft məhsulları və sıxılmış qaz (LNG) üçün müharibədən əvvəl fyuçers bazarlarının gözləntiləri ilə müqayisədə təxminən 330 milyard dollar artıq vəsait ödəyiblər.
Bu, 1990-cı il Körfəz müharibəsindən sonra neft bazarında ən böyük davamlı qiymət şoklarından biri hesab olunur.
Əlavə xərcin strukturu problemin miqyasını daha aydın göstərir:
• Xam neft - 164,1 milyard dollar
• Dizel - 73,8 milyard dollar
• Sıxılmış qaz - 38 milyard dollar
• Benzin - 35,7 milyard dollar
• Aviasiya yanacağı - təxminən 20 milyard dollar
Yəni, əlavə enerji xərclərinin təxminən yarısını təkcə xam neft formalaşdırıb. Amma diqqətçəkən məqam odur ki, emal olunmuş neft məhsullarında qiymət artımı xam neftdən daha yüksək olub.
Məsələn, altı ay ərzində xam neftin orta qiyməti müharibədən əvvəl gözlənilən 69 dollardan 93 dollara yüksəlib - fərq 35% təşkil edib. Dizeldə isə qiymət gözlənilən 101 dollar/barreldən 161 dollar/barrelə qalxıb — təxminən 59% artıb. Benzində isə müvafiq göstəricilər 93 dollardan 133 dollara, yəni təxminən 43% artıb.
Qaz bazarında təsir isə daha kəskin olub. Asiya bazarında sıxılmış qazın (LNG) orta qiyməti müharibədən əvvəlki gözləntilərdən 75%, Avropada isə 60% yüksək olub. Sakit okean hövzəsində LNG qiyməti orta hesabla 10,62 dollardan 18,62 dollar/MMBtu-ya, Atlantik hövzəsində isə 10,65 dollardan 16,99 dollar/MMBtu-ya yüksəlib.
330 milyard dollarlıq əlavə xərc ölkələr və regionlar üzrə də qeyri-bərabər bölünüb. Ən böyük əlavə xərc Avropa İttifaqının üzərinə düşüb — 78 milyard dollar. Çin 35 milyard dollar, Hindistan isə 22 milyard dollar əlavə enerji xərci ödəyib.
Burada başqa bir mühüm iqtisadi nəticə də var: aşağı və orta gəlirli enerji idxalçısı ölkələrdə əlavə xərcin ÜDM-ə nisbəti yüksək gəlirli ölkələrlə müqayisədə orta hesabla təxminən 2 dəfə çox olub. Deməli, enerji şoku yalnız inflyasiya yaratmır, həm də ölkələr arasında iqtisadi dayanıqlıq fərqini artırır.
Problemin uzunmüddətli tərəfi isə emal gücləridir. Hesablamalara görə, hərbi əməliyyatlar Yaxın Şərqin neft emalı imkanlarının təxminən beşdə birini - gündə 9,6 milyon barelə yaxın gücü sıradan çıxarıb. Buna görə də hərbi qarşıdurma zəifləsə belə, benzin, dizel və aviasiya yanacağında yüksək qiymətlər daha uzun müddət qala bilər.
Maraqlı müqayisə isə bərpaolunan enerji ilə bağlıdır. 2020-ci ildən sonra yaradılmış əlavə günəş, külək və digər təmiz elektrik generasiya gücləri böhranın ilk beş ayında enerji idxal edən ölkələrə təxminən 36 milyard dollarlıq kömür, qaz və neft idxalından yayınmağa imkan verib.
Bütün bunlar onu göstərir ki, enerji təhlükəsizliyi artıq yalnız kifayət qədər neft və qaz əldə etmək məsələsi deyil. O, eyni zamanda ölkənin nə qədər enerji idxal etməsindən, öz daxilində nə qədər elektrik istehsal edə bilməsindən, enerji mənbələrini nə qədər diversifikasiya etməsindən və geosiyasi şokları iqtisadiyyata ötürmədən absorbsiya etmək imkanından asılıdır.
330 milyard dollarlıq əlavə xərc də göstərir ki, müasir geosiyasi qarşıdurmalarda ən böyük iqtisadi xərclərin bir hissəsi döyüş meydanından minlərlə kilometr uzaqda yerləşən müəssisələrin istehsal xərclərində, logistika tariflərində, aviabiletlərdə, istilik və elektrik hesablarında ortaya çıxır. Bunu isə ödəyən vətəndaşlardır.
Başqa sözlə, enerji qiymətindəki geosiyasi risk bütün dünya iqtisadiyyatına dolayı yolla qoyulan “müharibə vergisi”nə çevrilir.
Tahir Mirkişili
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














