Ali Baş Komandan İlham  Əliyev 32 ildən sonra Xocalı şəhərində Dövlət Bayrağını ucaltdı


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.
Artıq üçüncü ildir ki, xalqımız Bakıdakı Xocalı soyqırımı abidəsini alnıaçıq, başıuca ziyarət edir, çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Prezident İlham Əliyevin dediyi kimi: “Biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı”.



26 fevral 1992-ci ildə Xocalı şəhərində dünyada misli görünməyən dəhşətli bir vəhşiliyin şahidi olduq. Erməni hərbi quldurları aylarla tam mühasirədə saxlanan Xocalı şəhərini yerlə yeksan etdilər. Köməksiz mülki əhali azğın bir amansızlıqla qətlə yetirildi. Südəmər körpələrə, əlsiz-ayaqsız qocalara, qadınlara, uşaqlara belə aman verilmədi. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktıdır. Bu soyqırım eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.

Heydər ƏLİYEV

Xocalı şəhəri Ağdam şəhərinin 18, Xankəndi şəhərinin 14 kilometrliyində, Qarabağ silsiləsində yerləşir. Xocalı öz abidələrinin növləri, onların xarakterik xüsusiyyətləri və maddi-mədəniyyət qalıqlarının zənginliyi etibarilə, hələ keçən əsrdən dünya alimlərinin diqqətini cəlb etmişdir. Bu abidələrlə alman arxeoloqu E.Resler, rus şərqşunası M.Xanıkov, ingilis F. Bayer, fransız A.Berje və başqaları tanış olmuş və oradan tapdıqları əşyaları öz ölkələrinə apararaq, ayrı-ayrı muzeyləri bəzəməyə çalışmışlar.
Azərbaycan alimləri tərəfindən Xocalı abidələrinin tədqiqinə 1920-ci illərdə başlanmışdır. Burada ilkin tədqqiqat işləri aparmış Azərbaycanın görkəmli alimi Ə.Ələkbərov Xocalı abidələri kompleksini Azərbaycan abidələri haqqında təssəvür əldə etmək üçün açar adlandırmışdır.
Əsasən eramızdan əvvəl XII-XIII əsrləri əhatə edən Xocalı abidələri kompleksi yaşayış yerlərindən, daş qutu qəbirləri, müxtəlif tipli kurqanlardan, siklop tikililər, kromlexlərdən və menhirlərdən ibarətdir.
Adını çəkdiyimiz mədəniyyətə aid yaşayış yerləri bir qayda olaraq, çay kənarlarında, təbii-coğrafi cəhətdən əlverişli yerlərdə, xüsusilə strateji cəhətdən müdafiəsi qismən asan olan təpələr üzərində salınırdı. Yaşayış yerlərində evlər əksər hallarda yarımqazma halında olub, yuxarı hissəsi yonulmamış çay daşlarından palçıqla suvamaq yolu ilə tikilirdi. Evlərin əksəriyyəti çoxgözlü olub, bütün tayfa üzvlərinə aid olurdu. Arxeoloji qazıntılar nəticəsində müəyyən edilmişdir ki, çox vaxt tayfa evləri uzunsov olub, düzbucaqlı formada inşa edilmişdir. Bəzən uzunluğu 17-18 metr, eni isə 8-10 metr olan bu cür evlər xüsusi arakəsmələr vasitəsi ilə bir neçə hissəyə bölünmüşdür.
Xocalı-Gədəbəy mədəniyyətinə aid abidələrin böyük bir qismini də siklop tikililəri təşkil edir. Əsasən yüksək təpələrdə və alçaq dağlarda bina edilmiş bu abidələr yerli əhali tərəfindən hazırda «Qalaça», «Örtük daşı», «Hasar», «Düzülü daş» və s. adlanır. Məlum olmuşdur ki, bu abidələr əsasən, eradan əvvəl II minillikdə və I minilliyn əvvəllərində mövcud olmuşdur. Onların dövrü qəti müəyyən edilmişsə, lakin onların vəzifəsi, yəni nə məqsədlə tikilməsi hələ də mübahisəlidir. Bəzi alimlər onların yaşayış yeri və ya böyük ticarət yolları üzərində müdafiə məntəqələri, bəziləri siklopların böyük bir qismini müqəddəs yer olub, ibadətgah məqsədilə bina edildiyini, bəziləri bağ-bostan yeri olduğunu, daha başqaları isə bu tikililəri köçərilərin mal-qara saxlamaq üçün inşa etdiklərini söyləyirlər. Lakin son tədqiqatların nəticələrindən aydın olmuşdur ki, bütün Kiçik Qafqaz dağlarının köç yolları kənarında inşa edilmiş siklop tikililərinin heç də hamısı eyni məqsəd güdməmişdir və başlıca olaraq üç məqsəd daşımışdır.: 1) iri ticarət yolları üzərində bu yolları müdafiə etmək məqsədilə; 2) düşmən hücumları zamanı əhalini müvəqqəti mühafizə etmək məqsədilə; 3) müqəddəs yerləri əbədiləşdirmək məqsədilə bina edilmişlər.
Xocalı-Gədəbəy mədəniyyəti sakinlərinin həyat tərzini və mədəni inkişaf səviyyəsini öyrənmək üçün həmin mədəniyyətə məxsus qə¬bir abidələri və qəbirlərdən toplanmış maddi mədəniyyət qalıqları böyük əhəmiyyət kəsb edir. Arxeoloji tədqiqatlardan aydın olmuşdur ki, bu mədəniyyət sahiblərinin bir neçə tip qəbir abidəsi olmuşdur ki, onların da böyük bir qrupunu kurqan qəbirləri təşkil edir.
Qarabağ düzlərinin bir növ təbii yaraşığı olan bu kurqanlar müxtəlif quruluşlu və müxtəlif tərkibli hündür təpələrdən ibarət olub, vaxtilə süni surətdə qəbirlərin üstünə tökülmüşdür. Kurqanlar bəzən sadəcə olaraq torpaqdan, yaxud daşdan, bir çox hallarda isə daşla torpağın qarışığından tökülmüşdür.
Kurqanların özləri müxtəlif olduğu kimi, onların altındakı qəbirlər də müxtəlif olmuşdur. Ölünü dəfn etmək üçün bəzən kurqanın altında «ev» tikilmiş, dairəvi hasar çəkilmiş, bəzən isə daş qutular düzəldilmişdir. Xocalı kurqanlarında aparılmış qazıntılar nəticəsində müəyyən edilmişdir ki, 3-4 min il bundan əvvəl bu ərazidə iki cür dəfn adəti olmuşdur. Onlardan biri ölünü olduğu kimi dəfn etmək, digəri isə ölünü yandıraraq dəfn etmək. Hər iki halda kurqanlar həm ailəvi, həm də tək-tək şəxslərə məxsus düzəldilmişdir. Ailəvi kurqanlarda bəzən 50-dən çox skelet aşkara çıxarılmışdır.
Ölüyandırma hadisəsi Qarabağda uzun ömür sürməmişdir və alimlərin ehtimalına görə bu adət, qalıqları indi də dünyanın bir çox xalqları arasında mövcud olan müqəddəs od ayini ilə əlaqədar idi.
Xocalı-Gədəbəy mədəniyyətinə məxsus gil qabların xüsusiyyətlərindən dulusçu ustalar hazırıladıqları əksər qabların çiyni üzərində xüsusi göbələkvarı cığırlar düzəltmişlər.
Xocalıdakı 5 saylı kurqandan aşkar edilmiş bir ədəd gil qabın qulpu üzərində isə buğda dənələri təsvir edilmişdir. Alimlərin tədqiqatı nəticəsində məlum olmuşdur ki, 3-4 min il bundan əvvəl Qarabağın sakinləri mədəni buğda əkinçiliyi ilə məşğul olmuşdur. Yeri gəl¬mişkən qeyd edək ki, Xocalıda qədim bağçılığın inkişafını da sübut edəcək xeyli maddi mədəniyyət qalıqları aşkar edilmişdir ki, bunların içərisində şaftalı, üzüm tumları və s. əsas yer tutur.
Xocalı abidələrinin öyrənilməsi nəticəsində burada bütün Azər¬baycan üçün yeganə olan iki mühüm tip abidə də aşkar edilmişdir. Onlardan biri menhirlərdir. Menhir ingilis sözü olub, uzun daş deməkdir. Bu abidələlrin əsas vətəni Böyük Britaniyadır. Orada elə menhirlər vardır ki, ağırlığı 50-60 tona yaxın olur. Xocalı menhirləri isə nisbətən kiçikdirlər. Menhir qəbilə quruluşu dövrünün məhsulu olub, ölən adamın qəbri üzərində dik basdırılmış, bir növ heykələ oxşar daşdır. Adətən belə daşları qəbilə başçılarının qəbirlərinin üzərinə qoyurdular. Qədim dini əqidəyə görə, guya ölən adamın ruhu bədəni tərk edir və həmin ruh daşa keçirdi. Daşa keçmiş ruh isə orada əbədi yaşayırdı. Hətta qəbilə başçısı ölərkən uzun müddət qəbilə üzvləri onun əvəzinə qəbiləyə başçı seçmirdilər. Qəbilə başçılığını mərhumun daşa keçmiş ruhu əvəz edərdi. Hətta qəbilə üçün müəyyən təhlukələr baş verdikdə, üzvlər yığışıb menhirin (yəni qəbilə başçısının ruhu yaşayan daşın) yanına gəlir və orada müxtəlif dini ayinlər icra etməklə guya qəbiləni yaranmış təhlükədən xilas edərmişlər. Maraqlı burasıdır ki, ibtidai dini təssəvürlərin qalığı olan həmin daşlardan biri son zamanlara kimi dindarların ibadət yerinə çevrilmişdir. Onlar havalar quraqlıq və ya həddindən artıq yağmurlu keçdikdə, həmin daşın yanına gəlib ona ibadət edir, daşdan mərhəmət diləyirdilər. Bu ayin¬lərin icrası zamanı həmin daşı yerə yıxıb, yenidən basdırır və digər əməliyyatlar aparırmışlar.
Xocalı abidələri içərisində nadir yadigarlardan biri də kromlexlərdir. Kromlex dairəvi düzülmüş bir neçə dik və onların üzərinə qoyulmuş bir ədəd köndələn daşdan ibarətdir. Yenə də ibtidai dini əqidənin məhsulu olan bu abidə dindarlar arsında axirət evi adlanır.
Nəhayət göstərməliyik ki, Azərbaycanda ən qədim yazı da məhz Qarabağda aşkar edilmişdir. Xocalıda tədqiq olunan 11 saylı kurqandan üzərində mixi yazısı olan bir ədəd kiçik muncuq tapılmışdır. Akademik İ.İ.Meşşaninov müəyyən etmişdir ki, bu muncuğun üzərində eramızdan əvvəl VIII əsrdə yaşamış Assuriya çarı Adadnirarinin adı yazılmışıdır. Bu yazı təkcə Qarabağın deyil, eləcə də bütün Azərbaycanın siyasi tarixinin öyrənilməsində böyük əhəmiyyətə malikdir.
Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinə məxsus abidələrə yekun vurarkən qeyd etməliyik ki, bu mədəniyyətin izi ilə məşğul olan bir çox Qafqazşünas alim təkcə Azərbaycanın deyil, ümumiyyətlə Yaxın Şərq ölkələrinin maddi mədəniyyət tarixi ilə əlaqədar bir sıra problemlərin həlli üçün ondan geniş istifadə edirlər. Bu problemlərdən biri, 3-4 min il bundan əvvəl Yaxın Şərq ölkələrinin bir - biri ilə mədəni və iqtisadi əlaqələrinin səviyyəsini öyrənməkədir. Xocalı abidələri sübut edir ki, belə əlaqələr geniş olmuş və müxtəlif etnik qruplar mehriban iqtisadi və siyasi təmasda yaşamışlar.
Təəssüf hissi ilə deməliyik ki, 1992-ci ilin fevralında erməni və rus ordusunun birləşmiş qoşunları Xocalı əhalisini vəhşicəsinə qırarkən, hərbi texnika ilə genosidin ən iyrənc mərhələsi olan izi məhv etmək kimi mənfur bir əmələ əl atmış və bəşəriyyət üçün nadir abidələr toplusu olan Xocalı abidələrini dağıtmışlar.
XX əsrdə Xocalı faciəsindən əvvəl iki yaşayış məntəqəsi eyni aqibətə uğramış, eyni metodla yer üzündən silinmiş, sakinləri məhv etmişdilər. Bunlardan birincisi Belarusun Xatın kəndidir. 1941-ci ildə nasistlər Xatın kəndini tamamilə yandırmış, dinc sakinləri soyuqqanlıqla məhv etmişlər. Buna bənzər ikinci hadisə Vyetnam müharibəsi zamanı Sonqmi kəndində yaşamış yankilər Sonqmi kəndini və sakinlərini partizanlara dəstək vermək bəhanəsi ilə böyükdən-kiçiyə qədər bütünlüklə məhv etmişlər.
Bu iki hadisə müharibə tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur. Lakin onlar Xocalı faciəsi ilə müqayisə oluna bilməzlər. Bu iki kənd olsa-olsa, Xocalıdan əvvəl yaxılıb-yıxılan, sakinləri qətl edilən beş Azərbaycan kəndi - Bağanis-Ayrım, Kərkicahan, Meşəli, Cəmilli və Malıbəyli ilə müqayisə edilə bilər. Çünki dünya tarixində tayı-bərabəri olmayan Xocalı soyqırımı miqyasına və böyüklüyünə görə onların hamısından daha dəhəşətli, daha müdhişdir.
1990-cı ilin Qanlı Yanvarından sonra Azərbaycan xalqı 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə tarixə ən dəhşətli faciələrdən biri kimi daxil olmuş Xocalı soyqrımının şahidi oldu. Kənd ikən Şəhərə çevrildi Xocalı. Gec də olsa, bütün diqqət buraya yönəldi, quruldu , tikildi, abadlaşdırıldı. Şəhər adlandırıldı Xocalı. Ermənilərə göz dağı, Qarabağın qeyrət qalasına çevrildi Xocalı. 1992-ci ildə respublika dərin siyasi böhran içində idi. Hakimiyyət uğrunda kəskin mübarizə gedirdi. Hakimiyyətə gəlmək istəyən qüvvələr siyasi vəziyyəti gərginləşdirmək üçün bütün vasitələrə əl atırdılar. Qarabağın faciəli günləri davam etməkdə idi. Kərgicahan dağıdıldı. Malıbəyli, Meşəli, Quşçular, Daşaltı viran qoyuldu. Ölənlərin, itənlərin sayı qat-qat çoxaldı, susduq dinmədik. Lakin Azərbaycan dövlətinin başında duranların tükü belə tərpənmədi. Ataların gözəl bir misalı var: «Arxalı köpək qurd basar». Özlərinin Rusiya kimi arxası olduğunu görən ermənilər dünya tarixində misli olmayan növbəti cinayəti hazırladılar.
Fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı alayın 10 tankı, 16 zirehli transportyoru, 9 piyadaların döyüş maşını və xeyli canlı qüvvəsi ilə Xocalını mühazirəyə aldı. Erməni faşistləri döyüş tanklarının və transportyorların köməyi ilə şəhərə soxularaq, onu tamamilə yandırdılar. Azğın düşmən bununla kifayətlənmədi. Yüzlərlə qocanın, qadının, uşağın meyiti yollarda qaldı.

-Bu faciə nəticəsində 613 nəfər şəhid oldu;
-onlardan:
Uşaqlar 63 nəfər;
Qadınlar 106 nəfər;
Qocalar 70 nəfər;
-8 ailə tamamilə məhv edilmişdir;
-25 uşaq hər iki valideynini itirmişdir;
-130 uşaq valideynlərindən birini itirmişdir;
-487 nəfər yaralanmışdır;
Onlardan;
Uşaqlar 76 nəfər;
-1275 nəfər əsir götürülmüşdür;
-203 nəfər itkin düşmüşdür;
-Onlardan:
Uşaqlar 22 nəfər (8 nəfər qız);
Qadınlar 61 nəfər;
Qocalar 42 nəfər

Hadisələri ilk alaraq vidiolentə olan jurnalist Çingiz Mustafayev qeyd edirdi ki, «öldürülənlər içərisində 2 yaşından 15 yaşına qədər olan uşaqlar əksəriyyət təşkil edirdi». Faciənin şahidi olan fransız jurnalisti Janİv Gnet yazırdı: «Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm, lakin ermənilər 5-6 yaşlı uşaqları, dinc əhalini qırmaqla onları arxada qoydular».
Sağ qalan 6 minə yaxın Xocalı sakini respublikanın 50-yə yaxın şəhər və rayonlarında qaçqın statustu altında yaşamağa məcbur oldu, öz vətənlərində talelərinə məcburi köçkün həyatı yaşamaq yazıldı. Bundan başqa şəhərdə olan, dövlət şəxsi və əmlakı talan edilərək yandırıldı və dövlətə külli miqdarda ziyan vuruldu.
2007-ci il fevralın 24-də STV kanalının (Saman yolu) səhər verilişində saat 8.50-də Azərbaycan tədqiqatçısı Elşən Nəcəfoğlu məlumat verdi ki, keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı alay haqqında sənədlər (Xocalı faciəsi ilə əlaqədar) Kreml sarayından ermənilər tərəfindən götüurülmüşdır. Bir rəqəmi də vurğuldı ki, 63 nəfər şəhid olan uşaqdan əlavə, 36 şəhid olmuş uşaq yenidən tapılmışdır. Bu rəqəmlər getdikcə tədqiqat nəticəsində daha düzgün açıqlanacaqdır.
İstintaqla sübuta yetirilmişdir ki, Xocalı şəhəridə basqında 336-cı alayın Yevgeni Nabokixin başçılığı altında 2-ci batalyonu, Seyran Ohanyanın başçılığı altında 2-ci batalyonu, Valeri Çitçiyanın rəbəhbərliyi altında 1-ci batalyonu, alayda xidmət edən milliyətcə erməni olan 50-dən artıq zabit və gizir, tanklar, piyadaların döyüş maşınları, toplar və digər müasir hərbi texnika iştirak etmişdir.
Bundan başqa, BMT-nin Təhlükəsizlik Şurası tərəfindən xüsusi yaradılmış Beynəlxalq Tribunal da Xocalı şəhər əhalisinə qarşı törədilmiş soyqırım siyasəti barədə materialları icrasına qəbul edə bilər. Beynəlxalq təcrübədə belə hallar olmuşdur. Buna BMT Təhlükəsizlik Şurasının 22 fevral 1993-cü il tarixli 808 saylı, 25 may 1993-cü il ta¬rixli 827 saylı qərarı ilə keçmiş Yuqoslaviya ərazisində bəşəriyyətə qarşı edilmiş cinayətlərə baxılmasından ötrü Beynəlxalq Tribunalın yaradılmasını misal göstərmək olar. Bu tribunal indiyədək fəaliyyət göstərir.
Xocalı faciəsinin baş verməsində respublikanın o zamankı rəhbərlərinin günahı çox olmuşdur. Hələ faciədən 4 ay əvvəl 1991-ci ilin noyabr ayının 1-də Xocalının mühasirəsi başlanmış, rayon ilə bütün əlaqələr kəsilmişdi.
Respublika rəhbərliyində vəziyyət haqqında məlumat olmasına baxmayaraq, onlar nəinki Xocalıya kömək etmiş, əksinə, hətta faciədən 2 gün sonra Azərinfrom vasitəsilə guya münaqişə zamanı iki nəfərin həlak olduğu, şəhərin isə geri alındığı barədə yalan informasiya yayılmışdır. Sonrakı müddət ərzində rəhbərlik Xocalı həqiqətlərini daim gizlətməyə çalışmışdır. Yalnız 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyə qaydışından sonra bu ağır cinayətin açılması üçün ilk addımlar atılmışdır. Milli Məclisin 1994-cü il 24 fevral tarixli iclasında məsələ geniş müzakirə edilmişdir. 26 fevral Xocalının soyqırımı və matəm günü elan edil¬mişdir. Hər il bu gün saat 17.00-da Xocalı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq, bütün ölkə üzrə bir dəqiqəlik sükut ean edilir . 1998-ci ildə isə xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının soyqırımı ilə bağlı yeni bir fərman imzaladı.Həmin dövrdən etibarən Azərbaycan dövləti faciənin dünyaya çatdırılması üçün məqsədyönlü iş görmüşdür.
Məlumata görə, Xocalı ərazisində, daha dəqiq desək, Xanabadla Daşbulaq kəndləri arasında ilk səyyar «ölüm ocaqları» 1992-ci il fevralın 28-i saat 14.00-da salınıb. Birinci dəfə 46 meyit yandırılıb. Ertəsi gündə 28 uşaq və hamilə qadının meyitlərindən ocaq qalanıb. 1988-ci ildən 1989-cu ilədək Çuvaşiyanın Çeboksarı şəhərində, Çapayev qəsəbəsində yaşayan və V.İ.Çapayev adına hərbi zavod dəftərxanasında çalışan, ixtisasca filoloq olan Akop Arakilov (bu zavod Dağlıq Qarabağ istiqamətində erməni hərbi terrorçu birləşmələrinə «Alazan» raketi satmaqla məşğul idi. Təkcə 1992-1993-cü illəçrdə bu zavoddan Xankəndinə 98 ədəd «Alazan» raketləri satılıb) 1998-ci ildə Parisdə dərc etdirdiyi «Qarabağ qeydləri…» kitabında yazır: «…Meyitləri yandırmaq haqqında təsəvvürüm yox idi. Mən zavodda işləyərkən, yanıma gələnlər danışırdılar ki, Xocalıda ölənlər üçün qəbiristanlıq deyilən ərazi yoxdur... Dəfn olunmuş adamları... gecə çaqqallar və itlər eşib çıxarırdılar. Hərbi həkim Smbat Mirzoyanın tapşırığı ilə meyitlərin yığılıb yandırlıması qərara alındı… Mən «Alazan» üçün zavoda gələn zabitə sual verdim: bəs yaralılar? Bəs əsirlər? Zabit Çebotaryan adlı ellim mənə anlatdı ki, yaralılar da öldürülmədən tonqallara atılır. Bundan sonra mən daha zavodda qala bilmədim…Erməniləri və Ermənistanı, Dağlıq Qarabağı bir daha görməmək üçün oranı tərk etdim…».
Xocalı faciəsinə, misli görünməmiş genosidə bu gün biganə qalanlar sabah erməni vandalızmının, erməni terrorizminin, erməni şovinizminin qara caynaqları arasında vaxtilə nəyinsə, kiminsə hesabına etiraf etmədikləri həqiqət üçün təəssüflənəcəklər və o vaxt bəlkə də çox gec olacaq.
İndi Xocalı sakinlərinin də, elə bütöv müstəqil Azərbaycanın da ümidlə baxdığı bir sərkərdə var. O da möhtərəm Prezidentimiz İlham Əliyevdir. İkinci Qarabağ müharibəsi (27 sentyabr - 09 noyabr 2020) ərzində Xocalı rayonunun 9 kəndi Ermənistan işğalından azad olunmuşdur. Xocalı üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur. Qarabağ Azərbaycandır!

Dilqəm Quliyev,
pedaqogika üzrə elmlər doktoru, professor







Son xəbərlər

Səxavət Tağlar Nərgiz Hüseynovanı TƏBRİK EDİB

İSRAİL və AVROPAYA QAZ İXRACI: resurs, marşrut və rəqabət

Tahir Mirkişili Sumqayıtda növbəti vətəndaş qəbulu keçirib

AVROPA BİRLİYİNDƏ İQTİSADİ SAHƏDƏ NƏ BAŞ VERİR?

Rizvan Nəbiyev: 31 Mart soyqırımı azərbaycanlılara qarşı törədilmiş misilsiz zorakılıqdır

Tarixin qanlı səhifələri yaddaşlarda yaşayır

31 Mart soyqırımı: tarixi yaddaş və siyasi qiymətləndirmə

Azərbaycan tarixinin hər bir səhifəsi hadisələrlə zəngindir

İtirmə qədirbilənliyi, itirmə dostluğu

YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMÇISI...

Qarabağda Novruz bayramının adət və ənənələri bu gün də özünəməxsus şəkildə yaşadılır

NOVRUZ GƏLDİ, YAZ GƏLDİ...

Bakıdan dünyaya təhlükəsizlik və əməkdaşlıq mesajı

Azərbaycan və Avropa İttifaqı münasibətlərində yeni mərhələ

Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub

Tahir Mirkişili Sumqayıtda vətəndaş qəbulu keçirib

Bu ildən QHT-lər daha geniş imkanlara və müsabiqələrə çıxış əldə edə biləcək - MÜSAHİBƏ

Tahir Mirkişili Sumqayıt şəhəri Ağsaqqallar Şurasının sədri Təbrik Quliyevi TƏBRİK EDİB

Qlobal neft bazarlarında baş verən hadisələrin Azərbaycana iqtisadi təsirləri necə ola bilər?

Prezident İlham Əliyev Ərdoğana zəng etdi

Ərdoğan: Azərbaycanla həmrəyik

Tramp: Artan neft qiymətləri ilə mübarizə planımız var

İran səfiri Türkiyə XİN-ə çağırılıb

Ömər Çelik: Türkiyə öz ünvanına olan hücumlara dözməyəcək

İranın hərbi-siyasi təxribatı: nankorluq və siyasi riyakarlıq nümunəsi

Azərbaycanın təhlükəsizliyinə qarşı yönəlmiş addımlar cavabsız qalmayacaq

QADINLAR qədim dünyanın iqtisadiyyatını necə dəyişdiriblər?

Türk Ağsaqqallari İctimai Birliyinin nümayəndələri professor İbadulla Ağayevin kafedrasında qonaq olublar

Ombudsman Naxçıvana atılan dron hücumları ilə bağlı bəyanat yaydı

İtaliya Baş nazirinin müavini: İranın Azərbaycana hücumu qəbuledilməzdir

İtaliya rəsmisindən Naxçıvana dron hücumuna sərt reaksiya

İsrailin xarici işlər naziri Naxçıvana dron hücumlarını pisləyib

İranın Naxçıvana dron hücumu regionda sabitliyə və təhlükəsizliyə ciddi təhlükə yaradır

Bütün xəbərlər